Bu gün Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin – “Milliyət”, “Hürriyət”, “Habertürk”, “Zaman”, “Today zaman” və “Radikal” qəzetlərinin altı əməkdaşı millət vəkili Qənirə Paşayeva ilə birgə Bakı-Şamaxı yolundakı Türk şəhidliyini ziyarət ediblər.
Millət vəkili və Türkiyəli qonaqlar Türk şəhidliyindəki qəbrin üstünə gül dəstəsi düzüblər.
Sonra türkiyəli qonaqlara Türk şəhidliyinin tarixi barədə məlumat verən Q.Paşayeva bildirib ki, buradakı qəbir 1918-ci ilin məlum hadisələri zamanı Azərbaycana gələn Qafqaz İslam Ordusunun minbaşısı (mayoru) və Azərbaycan torpağı uğrunda canını fəda etmiş İzzət Əfəndinindir.
“Bildiyiniz kimi, 1918-ci ildə Azərbaycan türklərinə qarşı ermənilər tərəfindən böyük qətliam-soyqırım həyata keçirilmişdir. O zaman Azərbaycan türklərinə dəstək məqsədilə, qardaş Türkiyədən Qafqaz İslam Ordusu köməyə gəlmişdi. Həmin vaxt çoxlu sayda türk qardaşlarımız Azərbaycan uğrunda canlarını qurban vermişlər. Həmin şəhidlərdən biri də, qəbrini ziyarət etdiyimiz İzzət Əfəndidir“.
Daha sonra türkiyəli qonaqlara məlumat verən Şamaxı rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Əşrəf Şükürov bildirib ki, ötən əsrin 30-cu illərində Tağıyev soyadlı bir Şamaxı sakini bu qəbrin itib-batmaması üçün onun bərpa olunmasına cəhd göstərir. Bundan xəbər tutan o vaxtkı rayon rəhbərliyi həmin şəxsi ailəsi ilə birlikdə güllələtdirir.
“Daha sonra 50-ci illərin ortalarında başqa bir şamaxılı bu qəbrin bərpasına çalışır, ancaq ona da imkan verilmir. Digər bir maraqlı fakt isə odur ki, 70-ci illərin ortalarında Şamaxıda işləyən yüksək rütbəli bir nəfər erməni həmin qəbrin it-bat olması üçün yol xəttinin məhz həmin qəbrin yerləşdiyi ərazidən keşməsinə çalşır. Bundan xəbər tutan Azərbaycanın o vaxtkı dövlət rəhbəri mərhum Heydər Əliyev bu məkrli erməni planının qarşısını alır, həmin yol xəttinin qəbrin kənarından kecməsinə qərar verdirir“.
Qeyd edək ki, bundan sonra türkiyəli jurnalistlər millət vəkilinin iştirakı və təşəbbüsü ilə, 1918-ci il Şamaxı qırğınlarının canlı şahidi olan Cümə məscidinə baş çəkiblər.
Q.Paşayevanın bildirdiyinə görə, 1918-ci il qırğınları zamanı 4000 şamaxılı qətlə yetirilib ki, onlarin da məhz 1000 nəfəri Cümə məscidinə doldurularaq yandırılıb və məhv ediliblər.
“Məscidin divarları da həmin faciəni canlı olaraq ozundə hələ də yaşadır, yanıq izləri hələ də məscidin divarlarında qalır“.
Türkiyəli jurnalistlər eşitdiklərindən və gördüklərindən kədərləndiklərini və dəhşətə gəldiklərini bildiriblər.
Modern.az