Modern.az

Prezident olmaq istəyənlər bölgələrə üz TUTACAQ

Prezident olmaq istəyənlər bölgələrə üz TUTACAQ

15 Fevral 2018, 09:17

Azərbaycanda prezident seçkilərində iştirak etmək üçün əsas mərhələlərdən biri namizədliyi qeydə alınmış şəxslərin təbliğat-təşviqat kampaniyasıdır. Bu günə kimi xeyli şəxsin namizədliyi irəli sürülüb.

Maraqlıdır, həmin şəxslərin bölgələrdə görüşləri olacaqmı? Görüşlər üçün hansı bölgələr nəzərdə tutulub?

 

Modern.az saytı bu sualla namizədliyini irəli sürənlərə müraciət edib.

 

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib ki,YAP hər şeyə, o cümlədən prezident seçkilərinə çox ciddi hazırlaşır:

 

“Hazırlıq təkcə seçki  ili deyil, bütün illər ərzində partiya daxilində gedir. O baxımdan seçki ərəfəsində  də, dövründə də YAP-ın mütəşəkkilliyi hiss edilir. Biz bu seçkidə də çox fəal iştirak etmək fikrindəyik. Müxtəlif yeni siyasi texnologiyalarla işləyirik. Məqsədimiz  hər  bir nəfərə çatmaq, insanların rastlaşdığı problemləri bir daha aydınlaşdırmaq, onların hər birini yerində operativ həll etmək, ciddi diqqət tələb edəni isə artıq ya parlament ya da  hökumət səviyyəsinə qaldırıb onun həllinə nail olmaqdır.

Vətəndaşlar görürlər ki, YAP diqqət etdiyi hər bir məsələnin həllinə nail olur. Görüşlərin keçirilməsinə gəldikdə isə seçki təbliğat dövründə bu barədə əlavə məlumat verəcəyik. Bununla belə müxtəlif səpkidə, müxtəlif sosial qruplarla görüşlərimiz əlbəttə, nəzərdə tutulub”.

 

Milli Məclisin deputatı Zahid Oruc deyib ki,hazırda seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq ilk işləri həyata keçirir:

 

“Bu,  seçki komandasının formalaşdırılması, qərargahın yaradılması, vəzifə bölgülərinin aparılması, eyni zamanda konkret olaraq fəaliyyətin  ofis şəraitindən idarə edilməsi, imza vərəqələrinin götürülərək, sonrakı dövr onların  toplanıb Mərkəzi Seçki Komitəsinə təqdim edilməsi əsas vəzifəmizdir. Heç şübhəsiz ki, bunlar məsul şəxslər üzrə konkret zaman qrafikası əsasında həyata keçiriləcək. Ondan sonrakı mərhələdə isə nəzərdə tutduğumuz daha böyük planlar var.

Biz 2013-cü ildə seçki kampaniyasında iştirak etmişik, bu mənada müəyyən təcrübə var. Digər tərəfdən o zaman reallaşdırılması bizim üçün çətin olan hədəfləri bu seçki dönəmində reallaşdırmağa çalışacağıq.

 

Efir məkanı cəmiyyətlə ünsiyyətin yaxşı tribunasıdır, lakin bununla bərabər canlı görüşlər  daha effektivdir. Çünki bütün hallarda ekranın üzü soyuqdur. Baxmayaraq ki, söz qüdrətlidir, onun təsir cazibəsi var. Ancaq nəzərə almalıyıq ki, insanlar bilavasitə  gördükləri şəxsə, onları düşündürən, qayğılandıran, onların dünyagörüşünə uyğun olan məsələləri soruşmaq, tələb etmək istəyindədirlər. Əminəm ki, bunlar bizim tərəfimizdən seçki dönəmində gerçəkləşdirilə biləcək. Lakin şübhəsiz ki, bundan öncə yerinə yetirilməsi vacib olan vəzifələr mövcuddur. Biz yalnız  qeydiyyata alındıqdan sonra bölgələrlə bağlı planlarımızı təqdim edəcəyik”.

 

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə:

 

 “Mən bütün Azərbaycanın namizədiyəm. Amma vaxt qısa olduğu üçün bütün bölgələrdə görüşlərin təşkil edilməsini çatdırmaq mümkün deyil. Ümumiyyətlə əvvəlcə qeydiyyatdan keçək, imzaları toplayaq, daha sonra bu haqda düşünmək olar”.

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib ki, bölgələrdə görüşlər sözsüz ki, nəzərdə tutulub:

 

“Mən prezidentliyə ilk dəfə namizəd olduğum vaxtdan - 2008-ci ildən partiyamızda Mərkəzi Seçki Qərargahı yaradılıb. Seçkidən-seçkiyə qərargah daimi fəaliyyətdədir. Qərargah öz növbəsində regional seçki qərargahları yaradıb – Şimal, Cənub və Qərb. Bu qərargahlar  2008-ci ildə keçirilən prezident seçkilərində seçicilərlə görüşlər təşkil etmişdilər. İnşallah, bu dəfə də rəsmi qeydiyatdan sonra yenidən görüşlərə başlıyacağıq. Təcrübəmiz var və bu illər ərzində partiya üzvlərinin təcrübələri daha da möhkəmləndi”.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasından ayrılan qanadın rəhbəri Razi Nurullayev bildirib ki,bölgələrdə görüşləri olacaq:

 

“Masallı və İmişlidə böyük görüşlər artıq hazırlanır. Digər bölgələrdə də mütləq olacaq. Çalışacağıq ki, hamısını əhatə edək. Bu isə hakimiyyətin bizə kampaniyaya göstərdiyi münasibətdən asılı olacaq. Əgər bizim görüşlərimizə maneçilik yaradılarsa, basqılar olacaqsa, o zaman görüşlərimizin keçirilməsi əngəllənəcək. Belə olan vəziyyətdə, virtual məkanın verdiyi üstünlüklərdən yararlanacağıq”.

 

AĞ Partiya başqanı Tural Abbaslı qeyd edib ki,ümumiyyətlə seçkilər mərhələlər üzrə bölünür:

 

“Birinci, imza toplamaq üçün lazım olan sənədlərin təqdimatı, sənədləşmə işləri olur. İkinci, imza vərəqləri və onun doldurulması, üçüncü isə  təbliğat və təşviqat mərhələsi gəlir.  Bu baxımdan  hələki təbliğat və təşviqat işləri, hansı bölgələrdə görüşlərin keçirilməsi ilə bağlı  nəsə düşünməmişəm. Çünki  indiki mərhələdə əsas imzaların toplanmasıdır.  Rəsmi namizdəliyin qeydə alınması üçün bu önəmlidir. Bu səbəbdən bölgələrlə əlaqəli nəsə demək mümkün deyil. Lakin görüş hakimiyyətdən asılı olan bir şeydir. Hakimiyyət bölgələrdə görüşlərin təşkilinə rəsmi və ya qeyri-rəsmi əngəllər törətməsə,  namizədlər arasında bərabər şərait yaradırsa, biz bütün bölgələri əhatə etməyə çalışacağıq.

Bölgələr də Şimal, Cənub, Qərb olaraq bölünür. Qərdə Gəncə, Qazax, Şimalda Quba, Qusar, Xaçmaz, cənubda Lənkəran, ya da Aran və ya digər bölgələrdə bəlli mərkəz yerlər var və orada görüşlər keçirmək olar. İndiki qanunvericiliyə görə təbliğat-təşviqat işlərinə hardasa 21 gün müddət verilir və bu da çox qısa müddətdir. Bu baxımdan həmin müddətdə bütün Azərbaycanı əhatə etmək olmayacaq. Zamanında bu müddət 60 gün idi. Nəzərə alsaq ki, sosial şəbəkələr mövcuddur və insanlarla ünsiyyət daha sadədir, bu vasitə ilə effektiv təbliğat və təşviqat işləri aparmaq mümkündür, nəinki birbaşa kontaktlar və bölgələrdə görüşlərin təşkil olunması. Bu gün görüşlər texniki baxımdan da  əziyyətli prosesdir”.

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki,partiyanın idarə heyətinin iclasında hansı bölgələrdə görüşlərin keçirilməsi istiqamətində qərar verilib qrafik təsdiq olunacaq:

 

 “Yəqin ki, Sumqayıt, Mingəçevir, Gəncə, Lənkəran kimi bötyük şəhərlərdə görüşlər olacaq. Ümumiyyətlə çalışacağıq ki, bütün bölgələri əhatə edək. Xalqla görüşümüzü təşkil etməkdən ötrü rayon təşkilatlarımızın sədrlərini Bakıya dəvət etmişik, onlarla görüşdən sonra tapşırıq veriləcək.  Hansı rayonlar münasibdirsə, orada görüşlər təşkil olunacaq. Həmçinin qaçqın şəhərciklərində də xalqla ünsiyyəti düşünürük.

Hətta biz istəyirik ki, Xankəndi seçki dairəsində də görüşlər keçirək. Bilirsiniz, mənim proqramımda prezident seçiləcəyim təqdirdə birinci paytaxtımızı Xankəndinə köçürmək var”.

 

Qeyd edək ki, aprelin 11-də növbədənkənar prezident seçkisi keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək