2018-ci il yanvarın 1-dən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişikliklər qüvvəyə minib. Dəyişikliklə məhkəmə proseslərində nümayəndəlik institutu vəkillik institutu ilə əvəzlənib.
Dəyişikliklərə əsasən, fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir. Belə ki, Mülki Prosessual Məcəlləyə edilən dəyişikliyə əsasən “fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər". Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.
Dəyişikliklərlə bərabər, Azərbaycanda vəkil sayının azlığı problem meydana çıxıb. Qeyd edək ki, hazırda Vəkillər Kollegiyasının üzvü olan 927 vəkil fəaliyyət göstərir.
Məhkəmə sisteminin effektivliyi üzrə Avropa Komissiyasının 2014-cü il hesabatlarına görə, İsrail hər 100 min nəfərə düşən vəkil sayına görə liderdir.
İsraildə hər 100 min adam üçün 636,9 vəkil fəaliyyət göstərir. Lüksemburqda bu göstəricilər hər 100 min nəfər üçün 384,8, Yunanıstanda 380,7, İtaliyada 379, Almaniya 200, İsveçrədə - 134,9, Fransada - 85,7, İsveçdə - 54,9, Rusiyada isə 47,6-dır.
Eyni zamanda, İsrail hakimlərin sayı baxımından geridə qalan ölkələr arasındadır. Hər 100 min adam üçün 47.1 hakimlə Sloveniya birinci sıradadır. İsrail isə yalnız 8.2 hakimlə 34-cü yerdədir. Hər 100 min nəfər üçün orta Avropa göstəricisi 20,9 hakimdir.
Məhkəmə sisteminin maliyyələşdirilməsi səviyyəsinə görə, İsrail 1,424 milyard şkalalıq büdcə ilə 14-cü yerdədir. Avropanınortalama göstəricisi adambaşına 172 şkaladır. Məhkəmə sisteminin maliyyələşməsi baxımından İsveçrə (bir adam başına 576 şkala) və Almaniya (bir adam başına 484 şkala) öndədir.
Bu göstəricilərlə müqayisədə 9898085 nəfərlik əhalisi, 20 min civarında azadlıqdan məhrum edilmiş vətəndaşı olan Azərbaycanda cəmi 927 vəkilin fəaliyyət göstərməsi insan hüquqlarının müdafiəsi baxımından qənaətbəxş hesab edilmir.
Vəkillər Kollegiyasının Aparat rəhbəri Fərhad Nəcəfov Modern.az-a deyib ki, respublikada vəkillərin sayının artırılması üçün işlər davam edir:
“Vəkilliyə qəbul olunmaq üçün 1966 şəxs sənəd vermişdi. Onlardan 1873 nəfəri imatahanda iştirak edib. 93 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək ikinci turda iştirak haqqı qazanıb. Onlar 60 və daha yüksək bal toplayıblar. Ən yüksək nəticə 90 bal olub. Amma bu o demək deyil ki, onlar artıq vəkildirlər”.
F.Nəcəfov bildirib ki, imtahanların ikinci mərhələsi mart ayında baş tutacaq:
“İkinci mərhələdə ilk mərhələni keçənlər şifahi imtahan verəcəklər. 607 nəfərdən təxminən 500 nəfərin qəbulu baş tutacaq. İndiki vəkil sayı ilə toplamda təxminən 1400 vəkilimiz olacaq. Ona görə də hazırkı vəkil sayı problem deyil”.