Modern.az

Azərbaycan komissiyası Əfqanıstandan əliboş qayıdıb

Azərbaycan komissiyası Əfqanıstandan əliboş qayıdıb

Təhsil

21 İyul 2011, 13:31

“Qəzaya uğramış təyyarəmizlə bağlı araşdırma aparan komissiyanın üzvləri Əfqanıstandan Azərbaycana dönüblər”.Bunu Azərbaycanın Pakistandakı, eyni zamanda Əfqanıstanda akkreditə olunmuş səfirliyinin 3-cü katibi Çingiz Qəribli deyib. (APA)

Onu sözlərinə görə, Azərbaycan nümayəndələri ekipaj üzvlərinin cəsədlərinin qəza bölgəsindən çıxarılmasına səy göstərsələr də, müəyyən səbəblər ucbatından buna hələlik nail olmaq mümkün olmayıb. Komissiya üzvləri bu gün saat 16.00-da Bakıda mətbuat konfransı keçirərək, görülmüş işlər və son durum barədə ətraflı məlumat verəcəklər. Ç.Qəribli bildirib ki, komissiya üzvləri Bakıya dönsələr də, cəsədləri çıxarmaq və “qara qutu”nun tədqiqində iştirak etmək səyləri davam edəcək, bu iş İslamabaddakı səfirliyimiz vasitəsilə həyata keçiriləcək: “Biz məsələni diqqət mərkəzində saxlamaqda davam edəcəyik”.

Diplomatın sözlərinə görə, bu günlərdə Əfqanıstan hökuməti və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) Azərbaycan tərəfinin verdiyi notalara hələlik cavab verilməyib. Həmin notalarda Azərbaycan tərəfi cəsədlərin çıxarılmasına yardım göstərilməsini və “qara qutu”nun baxışında iştirakın təmin olunmasını xahiş edib. Ç.Qəribli, əfqan tərəfinin Azərbaycan rəsmilərinə yardım etməməsi və məsələyə laqeyd münasibəti barədə səslənən iddialarla razı olmadığını da vurğulayıb: “Əfqan tərəfi yardım göstərməyə cəhd edir, amma məqsədə heç də həmişə nail olmaq mümkün olmur”.

Qeyd edək ki, İSAF qəza bölgəsinin hərbi baxımdan riskli rayon, habelə ərazinin kifayət qədər mürəkkəb relyefə malik olduğunu əsas gətirir.

Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus “İL-76” təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 02:10 radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur.
“Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı