Modern.az

Heydər Əsədov Bolqarıstanın Energetika naziri ilə görüşüb

Heydər Əsədov Bolqarıstanın Energetika naziri ilə görüşüb

15 Fevral 2018, 18:44

Fevral ayının 15-də ”Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın Azərbaycan tərəfdən həmsədri, Azərbaycan Respublikası kənd təsərrüfatı naziri Heydər Əsədov Bolqarıstan tərəfdən Komissiyanın həmsədri, Bolqarıstan Respublikasının energetika naziri xanım Temenujka Petrova ilə görüşüb. Görüşün məqsədi iki ölkə arasında gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.

 

Nazir Heydər Əsədov qonaqları səmimi salamlayaraq Azərbaycanla Bolqarıstan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb və iki ölkə arasında bu günə qədər 57 sənədin imzalandığını, 8 sənədin baxılmaq üzrə olduğunu, bunlardan 2 sənədin isə kənd təsərrüfatı sahəsinə aid oluduğunu bildirib. Bu sənədlərin müzakirə olunub imzalanması, səfərlərin intensivləşdirilməsi ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına təkan verəcəyini bildirib. Nazir Heydər Əsədov iki ölkə arasında Biznes Forumunun keçirilməsini dəstəklədiyini və may ayında Azərbaycanda keçiriləcək kənd təsərrüfatı sərgisində Bolqarıstan şirkətlərinin, həmçinin Bolqarıstan istehsalı olan texnikaların nümayiş etdirilməsi üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb. Nazir təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı sahələri üzrə əməkdaşlıq üçün hər iki ölkənin böyük potensial imkanların olduğunu bildirib. Nazir son ildə hər iki ölkə arasında ticarət dövriyyəsinin artdığını və bu əlaqələrin daha da dərinləşməsi, həmçinin Azərbaycandan Bolqarıstana keyfiyyətli pambıq məhsulları, yun və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün ölkəmizin böyük potensial imkanlarının olduğunu diqqətə çatdırıb. Nazir Heydər Əsədov Hökumətlərarası Komissiyasının fəaliyyətinin daha da intensivləşdirilməsi üçün işçi qrupu formatında tərkibinin müəyyən edilməsini və əlaqələndirici şəxslərin müəyyənləşdirilməsini məqsəduyğun hesab edib.

Bolqarıstan Respublikasının energetika naziri xanım Temenujka Petrova səmimi qəbula görə və ona verilən ətraflı məlumata görə təşəkkürünü bildirərək Hökumətlərarası Komissiyanın daha məhsuldar işləməsi üçün işçi qrupunun tərkibinin yaxın vaxtlarda qarşı tərəfə təqdim olunacağını, imzalanacaq sənədlərin ilk olaraq işçi qrupu səviyyəsində müzakirə olunub hazırlanmasını və hər iki ölkənin işçi qrupunun Bolqarıstanda iclasının keçiririləcəyindən məmnunluğunu bildirib.

Görüşdə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Nərgiz Qurbanova və Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Yanki Yanakiyev də iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi