İyulun 24-də ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Qəbələdə Dünyamızda Aparıcı Xanımlar (DAX) düşərgəsini açıb. Beş günlük yay düşərgəsində Azərbaycanın 24 rayonundan 13-17 yaşlı 48 qız iştirak edəcək. Düşərgə komanda işi, könüllü fəaliyyət və münaqişə həlli kimi liderlik vərdişlərinin inkişaf etdirilməsi, səhiyyə və fitnes, gender məsələləri və icmanın inkişafı kimi liderlər üçün mühüm ictimai məsələləri diqqət mərkəzində saxlayır.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, iştirakçılara müraciətdə səfir Brayza bildirib ki, qadınlar ictimaiyyətdə mühüm lider rolu oynayırlar. O, qadın liderlərin onun öz həyatına necə təsir etdikləri barədə danışıb. Qızların biliyinin, vərdişlərinin və töhfələrinin Azərbaycanın uğurunda çox mühüm olduğunu qeyd edən Brayza deyib ki, “hər bir ölkə kimi, Azərbaycanın da qadın liderlərə ehtiyacı var. Mən inanıram ki, öz xanımlarının istedad və enerjisindən istifadə edərsə, Azərbaycanın parlaq gələcəyi olacaq”.
ABŞ-ın Sülh Korpusunun Könüllüləri və onların azərbaycanlı həmkarları tərəfindən təşkil edilmiş və Bakıdakı ABŞ səfirliyi tərəfindən maliyyələşdirilən DAX düşərgəsi azərbaycanlı qızların öz icmalarında dəyişikliklər edə biləcək fəal vətəndaşlar və liderlərə çevrilməsinə kömək etmək məqsədini daşıyır. DAX Düşərgəsi Azərbaycanın müxtəlif bölgələrindən olan qızlara fərd olaraq özlərini sınaqdan keçirməyə və, icma üzvləri və Azərbaycan vətəndaşları olaraq, üzləşdikləri mühüm məsələləri müzakirə etməyə imkan verir. Düşərgə 29 iyul tarixinə qədər davam edəcək. Oxşar düşərgə azərbaycanlı oğlanlar üçün artıq Qəbələdə keçirilib.
Modern.az