Modern.az

Azərbaycan-Polşa sənədləri imzalanıb

Azərbaycan-Polşa sənədləri imzalanıb

25 İyul 2011, 14:34


Bakıda səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin  təkbətək görüş başa çatdıqdan sonra onun Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
AzərTAc-ın məlumatına görə, Azərbaycan  Prezidenti  İlham Əliyev Azərbaycanın bu səfərə çox böyük əhəmiyyət verdiyini, bu səfərin Polşa-Azərbaycan əlaqələrinin inkişafına çox böyük töhfə verəcəyinə əmin olduğunu deyib:
“Bizim əlaqələrimiz bir çox sahələri əhatə edir. Əminəm ki, səfər zamanı əldə edilən  razılaşmalar əməkdaşlığa yeni təkan olacaq. Siyasi əlaqələr yüksək səviyyədədir, eyni zamanda, iqtisadi sahədə əlaqələrin yaxşı perspektivləri var. Bu gün biz izinlə enerji sektorundakı əməkdaşlıq haqqında da fikir mübadiləsi apardıq. Biz istəyirik ki, əlaqələrimiz bütün sahələri əhatə etsin və Polşa-Azərbaycan dostluğu uğurla davam etdirilsin”.
Öz növbəsində, Polşa prezidenti Bronislav Komorovski bildirib ki, Azərbaycanı yerləşdiyi regionda olduqca mühüm, əhəmiyyətli rol oynayan ölkə kimi qəbul edir: “Təbii ki, bizim münasibətlərimiz bu səfərdən sonra daha da inkişaf edəcək. Hər iki xalq 20 il öncə əsl müstəqilliyini əldə etdi və bu vacib dəyərdən lazımınca bəhrələnir. Bu, iqtisadi sahədə də hiss olunur və hər iki ölkədə əldə edilən  iqtisadi göstəricilər bunu sübut edir.  Azərbaycanın iqtisadi sahədəki nailiyyətləri Sizin ölkənizə böyük hörmət qazandırır. Bu baxımdan işgüzar dairələrdə ölkənizə maraq get-gedə artır. Biz Sizin əldə etdiyiniz bütün bu nailiyyətləri çox yüksək qiymətləndiririk”. 

Daha sonra prezidentlərin iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanma mərasimi olub. 
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov və Polşa Respublikasının kənd təsərrüfatı nazirinin müavini Yaroslav Voytoviç imzalayıb. 
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Polşa Respublikasının Mədəniyyət və Milli İrs Nazirliyi arasında 2011-2013-cü illər üçün Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Polşa Respublikasının xarici işlər nazirinin müavini Yeji Pomyanovski imzalayıb. 
“Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” sazişi Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Polşa Respublikasının xarici işlər nazirinin müavini Yeji Pomyanovski imzalayıb. 

Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Bronislav Komorovski birgə mətbuat konfransı keçiriblər. 
Dövlət başçıları bəyanatlarla çıxış edib , jurnalistlərin suallarına cavab veriblər. 

Modern.az   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı