Modern.az

Deputat Mərakeş səfirini Tovuza aparıb (FOTOLAR)

Deputat Mərakeş səfirini Tovuza aparıb (FOTOLAR)

25 İyul 2011, 16:10


Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Tovuz rayonuna səfər edib. Q.Paşayeva ilk olaraq diplomata Azərbaycan xəritələri əsasında Azərbaycan Respublikasınnın ərazi bütovlüyü haqqında məlumat verərək ötən əsrlər boyu qonşu dövlətlərin işğalçı siyasəti nəticəsində Azərbaycan Respublikasının ərazilərinin tədricən bölünərək həmin dövlətlərin tərkibinə qatıldığını və hal-hazırda isə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini bildirib. Sonra isə səfir rayonun Şəhidlər Xiyabanını ziyarət edib, Tovuz məscidinə  də baş çəkib.

Tovuza ilk səfəri olan diplomat sərhəd kəndində də olub. Ermənistanla sərhəddə yeləşən Ağdam kəndində olarkən səfirə Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozaraq  sərhəd kəndlərini, sivil insanları atəşə tutması, sakinlərin əkin-biçinlə məşğul olmalarına mane olmaları, xüsusilə yay aylarında yanğınlar törətmələri, snayperlərlə əkin sahələrinin suvarılmasına mane olmaları barədə məlumat verilib. Bildirilib ki, sakinlər artıq bir neçə ildir ki, kənd qəbiristanlığına gedərək yaxınlarının qəbirlərini ziyarət edə bilmirlər. Çünki kənd qəbiristanlığı sərhədə yaxın yerləşir və Ermənistan silahlı qüvvələri snayperlərlə qəbiristanlığa gedən sakinləri hədəfə alırlar. Onlar son bir neçə il ərzində qəbiristanlğı ziyarət edən bir neçə kənd sakinini qətlə yetirib, bir  neçəsini isə yaralayıblar. Bu səbəbdən də sakinlər yeni qəbiristanlıq salıblar. Ermənistan silahlı qüvvələrinin hər il qəbiristanlığı və onun içərisində yerləşən tarixi-dini abidələri yandırması kənd sakinləri üçün böyük faciədir.

Millət vəkili Qənirə Paşayeva Mərakeş səfirinin Tovuz rayonuna səfərinin çox əhəmiyyətli olduğunu bildirib. Çünki səfirin burada Ermənistanla sərhəddə baş verənləri görərək onu olduğu kimi öz ölkəsinə çatdırması çox vacib bir məsələdir.

Sərhəd kəndində olan diplomat həmçinin burada xatirə olaraq ağac da əkib.

Səfər çərçivəsində Hassan Hami Tovuz rayonunun icra başçısı Tofiq Zeynalovla görüşüb. İcra başçısı T.Zeynalov və millət vəkili Qənirə Paşayeva səfirə rayonun coğrafi mövqeyi, strateji əhəmiyyəti, iqtisadiyyatı və turizm potensialı barədə məlumat veriblər. İcra başçısı ilə görüşdə səfirə saz hədiyyə verilib. Millət vəkili Qənirə Paşayeva Mərakeşin bir bölgəsi və ya şəhəri ilə Tovuzun qardaşlaşmasının çox əhəmiyyətli ola biləcəyini, Mərakeşin bölgələri ilə Tovuz arasında əməkfdaşlığın genişləndirilməsinin vacibliyini bildirib və bu istiqamətdə təkliflə çıxış edib.

Səfir Hassan Hami Tovuza səfərindən məmnun qaldığını, Azərbaycanın və onun ayrı-ayrı bölgələrinin sürətlə inkişaf etdiyini və Mərakeşin Azərybaycanın ayrı-ayrı bölgələri, o cümlədən Tovuzla  əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxunan səfir bildirib ki, onun ölkəsi bütün beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb və dəstəkləyir. Səfir rayonun turizm üçün görməli yerləri, tarixi abidələri ilə də tanış olub və bu səfərdən çox razı qaldığını deyib.

Qonaqlar həmçinin Tovuz rayonunun Aşağı Ayıblı kəndində aparılan arxeoloji qazıntılar «Meteş təpə» adlanan ərazidədə də oldular. Burada onlara bizim eradan əvvəl 4-cü minilliyə aid olan qədim yaşayış yerində tikili qalıqları, istehsal sahələrini əks etdirən emalatxanalar göstərilib. “Menteş” adlanan ərazidə 160 kv.metr sahəni əhatə edən kurqan aşkar edilib. Qeyd edək ki, aparılan arxeoloji tədqiqatlarda iştirak edən Fransalı arxeoloqlar da səfir Hassan Hamiyə bu qədim yaşayış yeri haqda məlumat verdilər.







Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı