...Bir neçə il öncə qələminə sayğı duyduğum jurnalistlərdən biri iş vaxtının sonuna yaxın mənə zəng açıb, tanınmış bir baş yazar haqqında internet saytlarında yayımlanmış materialları dərc edib-etməyəcəyimi soruşdu. Əsəbi cavab verdim: "Sən məni kiminləsə səhv salırsan. Hə mən, nə də baş redaktoru olduğum qəzetin informasiya siyasətinin müəyyənləşdirilməsində iştirak edən şəxslər bu günədək bir kimsənin ailə məsələlərini, şəxsi həyatını qəzet səhifələrinə çıxarmadıq, çıxarmarıq da... Hətta haqqında məlumat yayılan şəxs ən qatı düşmənimiz, rəqibimiz olsa da belə".
...Bu olaydan bir neçə müddət sonra, fasilələrlə bu yazıda adını çəkməyi məqsədəuyğun saymadığım baş yazar haqqında redaksiyamıza hər biri media gündəmini dəyişə biləcək məlumatlar, foto, videofaktlar daxil oldu. İnformasiya marağımızı qarşı tərəfin haqq etmədiyi mərdliyimizin, əxlaqımızın və ictimai əxlaqın ayaqları altına atıb, bütün bu olayları görməzdən, bilməzdən gəldik. Amma nə fayda... Hütfəsi haramdan tutulan, əxlaqı, mənəviyyatı doğuluşdan qüsurlu olan kəslərə nə qədər yaxşılıq edirsən et, səhvlərini, günahlarını nə qədər bağışlayırsan bağışla, insanlıq adına ləkə gətirdikləri halda kimlərinsə xidmətləri sayəsində mətbuatda söz sahibi olan bu əxlaqı yırtıqları onsuz da haqq yoluna gətirmək mümkün deyil. Çünki bütün digər sahələrdə olduğu kimi mətbuatda da yalnız əxlaqlı adamların keçə bilməyəcəyi bir sərhəd var. Bu sərhəddən o yana keçə bilənlər üçün isə hər şey məqbuldur. Hətta fahişələrin də tabu saydıqları, toxunulmaz hesab etdikləri bir nöqtə, sərhəd olur və onlar da bədənlərini satdıqları şəxsləri bu sərhəddən o yana buraxmamaqla insanlıqlarını, ləyaqətlərini mümkün qədər qoruyub saxlamağa çalışırlar. Ən azı ona görə ki, hansısa həssas, duyğusal bir məqamda bu barədə düşünüb təsəlli ala bilsinlər... Özlərinin və onlara müəyyən bir zaman çərçivəsində sahiblənənlərin istəklərinə, nəfslərinə "dur" deyə bildikləri üçün...
Gi de Mopassanın "Gonbul" novellasını və bu novellanın eyni adlı personajını xatırladım. Ölkəsini işğal edən alman ordusunun zabitinə təslim olmağı özünə təhqir sayan, ancaq başqalarının həyatını xilas etmək üçün buna razılıq verən və nəhayət, xilas etdiklərinin ikrah dolu baxışları altında göz yaşlarına qərq olan Gonbulu... Hətta gündəlik yaşamını bədənini satmaqla təmin edən fransız kurtizan qadını da öz ləyaqəti və insanlıq borcu haqqında düşünməyi bacarırdı...
...Təəssüf ki, Gi de Mopassanın əxlaqsız qadın adını daşıyan Gonbuluna xas olan bu xüsusiyyətlər Azərbaycan mətbuatının bəlli bir köşəsində çamur vulkanlarına hökm etməklə görəvləndirilmiş şərəf və ləyaqət dəllallarında yoxdur. Çünki onlar "gonbul"ların keçə bilmədiyi sərhədləri belə uf demədən dəfələrlə o yan-bu yana addımlayıblar. İncəliklərə varmayacağam, amma bu yazını diqqətlə oxuyan incə zövq və intellekt sahiblərinin pərdə arxasında qalan hansı mətləbləri nəzərdə tutduğumu anladıqlarını düşünürəm...
...İllərdir ki, Azərbaycan mətbuatında təhtəlşüur və bəzən də qapalı diskussiyaların mövzusu olan bir problem yaşanır: Hər şeyin - ən kiçicik detallarına kimi informasiya, biznes və siyasi maraqlar adına mətbuat səhifələrinə çıxarılması, yaxud bütün maraqlara rəğmən bundan imtina etmək bacarığı və ləyaqəti...
Bu məsələdə hər kəs öz dünyagörüşünə, tərbiyəsinə və əxlaqına uyğun şəkildə hərəkət edir. Kimsənin iradəsinə zor edə bilməzsən... Azərbaycanda ən azı bu məsələdə çərçivə və sərhəd problemi yoxdur. İctimai qınaq mexanizmi isə... az qala yox səviyyəsindədir. Yəni, "fatihə"sini elə veriblər ki, bundan sonra min gerçəkçi Şeyx Həsrullah da gəlsə dirildə bilməz... Kəsəsi, ictimai qınaq tərbiyələndirici və istiqamətləndirici bir mexanizm kimi ölüb!
Digər tərəfdən, bu və ya digər müstəvidə ictimai qınağı stimullaşdıran, hərəkətə gətirən dəyərlər sistemi də cəhənnəmin bir addımlığındadır. Ən yaxşı halda gözdən salınıb.
Mən mühafizəkar deyiləm. Amma həm də mühafizəkaram! Mənə görə islahat və modernləşmə tərəfdarı olan istənilən şəxs ictimai əxlaqla bağlı olan məsələlərdə mühafizəkar olmalıdır. Çünki əxlaqsız, insani dəyərlərin və qanunların idarə etmədiyi cəmiyyət heç bir halda modernləşə bilməz. İslahatın əsas atributu insan kapitalıdır. Əgər bu kapital və onun söykəndiyi meyarlar dəyərdən düşübsə... o zaman ortalığa çıxan son nəticə, sadəcə saxta və bərbəzəkli dekorasiyadan ibarət olacaq.
...Dəyərləri biz yaradırıq. Ziyalılar, yaxud ziyalı adını mənimsəyənlər, kütləvi informasiya vasitələri, hökumət və qeyri-hökumət təşkilatları... Birlikdə! Dəyərləri dəyərə mindirən mexanizmləri də biz müəyyənləşdiririk. Cəmiyyət isə seçir. Ona təqdim olunanların arasından...
...Əgər müstəqil media adına iddia edən çamur vulkanları xüsusi status daşıyıcısına çevrilirlərsə, onların natamam obrazlarına məqsədyönlü şəkildə "qəhrəmanlıq" cizgiləri əlavə olunursa, fəaliyyətləri ən yüksək şəkildə stimullaşdırılırsa... o zaman məhz belələrinin əxlaqı, yaşam tərzi, mübarizə üsulları ictimaiyyətin seçim predmetinə çevriləcək. Bu aksiomdur. Bütün bunlardan sonra isə diqqəti gerçək hədəflərdən yayındırmaq üçün ictimaiyyəti qınaq obyektinə çevirmək lazım deyil. Gülünc görünür...
...Günlərin birində mediamızdakı təpəgözlərin onları "dünyaya gətirənləri" və himayə edənləri də öz dişinə çəkəcəyinə zərrə qədər də şübhə etmirəm. O gün gələcək və o zaman təpəgöz istehsalçıları əxlaqlı medianın himayəsinə sığınmaq məcburiyyətində qalacaqlar...