“Milli Mətbuat günündən çox keçməmiş KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı-direktoru Vüqar Səfərlinin əleyhinə sayt yaradılması və bu saytda icraçı direktorluğa namizəd kimi adımın hallandırılmasını düzgün hesab etmirəm. Belə məsələlərin anonim şəkildə müzakirəyə çıxarılması və Vüqar Səfərlinin hədəf alınması şəxsi-qərəzdən doğur”.
Modern.az-ın məlumatına görə, bunu “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bir qrup KİV nümayəndəsinin onun adının KİV DF-nin rəhbərliyinə yeni namizəd göstərməsinə münasibət bildirərkən deyib. A.Aşırlı daha sonra deyib:
“Adı hallandıran insanlara, şəxsən mənə qarşı şübhələr oyadır. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, 21 illik jurnalist təcrübəmdə heç kimə qarşı anonim yolla gizli mübarizə aparmamışam. Bu cür mübarizə üsulları xarakterimə ziddir. Vüqar Səfərliyə qarşı aparılan bu cür mübarizədə adımın hallandırılmasını qəbul etmirəm, hər kəsi ədalətli və obyektiv olmağa çağırıram”.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalistlər arasında keçirdiyi son fərdi yazı müsabiqəsinin nəticələri media nümayəndələri arasında ciddi narazılıqla qarşılanıb. Nəticədə adını gizli saxlayan şəxslər KİV DF-nin icraçı direktoru V.Səfərlinin əleyhinə sayt yaradaraq anitəbliğat işi qurublar.