Modern.az

Azərbaycan Milli Məclisinin binası Polşa prezidentinin xoşuna gəlib

Azərbaycan Milli Məclisinin binası Polşa prezidentinin xoşuna gəlib

25 İyul 2011, 18:22

İyulun 25-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovski ilə görüşüb.

Modern.az Milli Məclisin mətbuat xidmətinə istinadən bildirir ki, görüşdə O.Əsədov Azərbaycan parlamentindəki bu görüşdən məmnun olduğunu söyləyib. O, qeyd edib ki, müxtəlif dövrlərdə dövlət başçıları səviyyəsində həyata keçirilmiş rəsmi səfərlər və imzalanmış sənədlər münasibətlərin daha da möhkəmlənməsinə xidmət edib, əlaqələrin dinamikası intensiv xarakter alıb. Spiker vurğulayıb ki, Azərbaycan-Polşa münasibətlərinin tarixindən danışarkən hələ XIX əsrdə Bakıda çalışmış polşalı neftçi-mühəndis Pavel Pototskinin, 16 il şəhərin başçısı olmuş S.İ.Despot-Zenoviçin adlarını qeyd etməmək, ölkəmizdə fəaliyyət göstərmiş polşalı memarları xatırlamamaq olmur.

"Azərbaycan müstəqillik əldə etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Cənubi Qafqazda həyata keçirilən qlobal layihələrin fəal üzvü kimi ölkəmiz bu gün Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Təkcə neft-qaz sənayesində deyil, qeyri-neft sektorunda da əməkdaşlığımızı dərinləşdirmək üçün geniş imkanlar vardır".

Spiker parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətindən danışaraq hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının mövcudluğunu müsbət dəyərləndirib. Qeyd edib ki, bu qrupların fəaliyyətinin daha da canlandırılması səmərəli əməkdaşlığın aparılmasına müsbət təsir göstərər.

Söhbətdə Spiker Dağlıq Qarabağ probleminin  regionda əsas gərginlik mənbəyi olduğunu xüsusi qeyd edib.  Bildirib ki, bu münaqişə regionun siyasi və iqtisadi inkişafına, Avroatlantik məkana inteqrasiya proseslərinə ciddi maneələr yaradır.
"Biz problemin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə tərəfdarıq. İnanırıq ki, beynəlxalq birliyin, o cümlədən Polşanın dəstəyi sayəsində bu problem tezliklə aradan qalxacaqdır".

Polşa prezidenti Azərbaycanın son 20 ildə əldə etdiyi nailiyyətləri çox yüksək dəyərləndirib. O, ölkənin belə sürətli inkişafının düşünülmüş iqtisadi siyasətin nəticəsi olduğunu söyləyib. Qonaq Bakı ilə Varşava arasında münasibətlərin dərinləşməsinin günün tələbi olduğunu qeyd edib. Bildirib ki, Polşa təkcə energetika sahəsində deyil, qeyri-neft sektorunda da Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır. 

Söhbətdə qonaq 20 il Polşa qanunverici orqanının deputatı olduğunu qeyd edərək parlamentlərin dövlətlərarası münasibətlərin inkişafında rolunu yüksək dəyərləndirib. Öz çıxışında Bronislav Komorovski gələcəkdə Bakıya səfər edəcək polşalı deputatlara belə bir tövsiyə edib ki, Milli Məclisdə olarkən buradan Bakı buxtasını, sürətlə inkişaf edən, dəyişən Bakını seyr etsinlər və özləri əmin olsunlar ki, belə bir ölkə ilə əməkdaşlıq etməyə dəyər.

Söhbətdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, parlamentlərarası əməkdaşlığın dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavini Bahar Muradova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin komitə sədrləri Səməd Seyidov, Əli Hüseynli, Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səttar Möhbalıyev, qrupun üzvləri Ağacan Abıyev, Asim Mollazadə, ölkəmizin Polşadakı səfiri Həsən Həsənov, Polşanın Azərbaycandakı səfiri Mixal Labenda və digər rəsmi şəxslər iştirak ediblər.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı