Vətənpərvərlik mövzusunda festival keçiriləcək
Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalına start verilib. Üç ay davam edəcək layihənin icraçı direktoru Ramil Ağasıyevin sözlərinə görə, layihə üç mərhələdə keçirilir. Avqustiun sonunadək davam edəcək birinci mərhələ vətənpərvərlik mözvusunda yazılan ssenarilərin və bu ssenariləri teatrlaşdıracaq yaradıcı kollektivin qəbuludur.
Sentyabrdan başlayacaq ikinci mərhələdə isə təsdiq olunan ssenarilər və yaradıcı qruplar festivalda iştirak etmək hüququ qazanacaqlar. Sonda, yəni noyabrda Bakıdakı teartların birində festival keçiriləcək və festivaldan sonra qaliblərin adları elan ediləcək. Birinci yeri qazananlara 1000 AZN və kubok, ikinci yerin sahiblərinə 700, üçüncü yerə çıxanlara isə 500 AZN veriləcək.
R.Ağasıyev deyir ki, əslində festivalı keçirməkdə məqsəd gənclərin vətənpərvərlik mövzusuna marağını artırmaqdır: “Əsas iştirakdır. Çünki bu festivalın sonunda Vətənə olan hisslərimizi təkcə özümüz yox, bütün Azərbaycan görəcək”.
Qeyd edək ki, layihənin ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunur.
Layihədə iştrak etmək istəyən 35 yaşınadək gənclər ssenarilərini və qrup üzvlərinin koordinattlarını mubariz_ibrahimov-festival@hotmail.com elektron ünvanına göndərə bilərlər. Ssenarilər hekayə, roman, pyes şəklində ola bilər.
Modern.az