Modern.az

Fransada Xocalı soyqırımının 26-cı ildönümü anılıb - Fotolar

Fransada Xocalı soyqırımının 26-cı ildönümü anılıb - Fotolar

27 Fevral 2018, 20:58

Azərbaycan Dostları Assosiasiyası Fransanın Kolmar şəhərində, meriyanın əməkdaşlığı ilə Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirib. Modern.az xəbər verir ki, mərasim qətliam qurbanlarının xatirəsinə və eləcə də xalqlar arasında sülhün bərqərar olmasına həsr olunub.

Kolmar şəhərinin meri Jilber Meyer tədbiri açaraq iştirakçılara Azərbaycanla illərdən bəri davam edən əlaqələr və Kolmar şəhəri ilə Şəki şəhəri arasında imzalanmış dostluq və əməkdaşlıq Xartiyası barədə məlumat verib. O bildirib ki, iki şəhər arasında əlaqələrin təməli 2013-cü ilin iyununda qoyulub və bu qardaşlaşma şəhərlər arasında əməkdaşlığın daha da genişlənməsinə imkan yaradıb. Jilber Meyer Xocalı faciəsinin qurbanlarının xatirəsini yad edərək bu haqsızlığa beynəlxalq aləmdə hüquqi qiymət veriləcəyinə və işğal edilmiş regionda sülhün bərqərar olacağına ümid etdiyini bildirib.

Daha sonra Azərbaycan Dostları Assosiasiyasının sədri, Fransa Parlamentinin sabiq üzvü Jan-Fransua Mansel səmimi qonaqpərvərliyə görə Kolmar şəhərinin merinə minnətdarlığını bildirib. O, tamaşaçılara faciəli 26 fevral gecəsi barədə məlumat verərək bu tarixin hər bir azərbaycanlı üçün yadda qalan olduğunu bildirib və hər bir kəsi Xocalını unutmamağa çağırıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatlarından, baş verdiyi şəraitdən və fəsadlarından danışıb. O, Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini vurğulayaraq, Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını bildirib.

Fevralın 26-nın Azərbaycan tarixinə qara hərflərlə yazıldığını və 26 il əvvəl şəhid olmuş həmvətənlərimizin xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını bildirib. O, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına inandığını da sözlərinə əlavə edib.

Anım mərasimi skripkaçı Nəzrin Rəşidova və klarnet ifaçısı Səddam Novruzbəyovun müşaiyəti ilə, "Chagall" kvartetinin ifasında Azərbaycan və xarici bəstəkarların klassik musiqisindən ibarət konsertlə davam edib. Məşhur fransız bəstəkarı Pier Tilluanın bəstələdiyi Xocalı soyqırımına həsr olunan "Xocalı 613" kompozisiyası tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Müluz şəhər Simfonik Orkestrinin üzvlərindən ibarət olan "Chagall" kvarteti artıq neçə ildir ki "Xocalı 613" əsərini London, Paris və digər şəhərlərdə ifa ediblər. Onlar bu əsərin hər zaman dinləyicilər tərəfindən həyəcanla qarşılandığını və sevildiyini qeyd ediblər.

Tədbirdə Kolmar şəhər meriyasının əməkdaşları, ictimai siyasi xadimlər və şəhər sakinləri iştirak ediblər.

Tədbirin sonunda tamaşaçılara Azərbaycan haqqında kitab və broşuralar, Xocalı soyqırmı haqqında  məlumatlar paylanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi