İyulun 26-da İspaniya Krallığı Deputatlar Konqresinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb. Qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edən komitə üzvü Asim Mollazadə Azərbaycanın qədim dövlətçilik tarixindən danışıb, Şərq dünyasında ilk dəfə demokratik parlamentin ölkəmizdə yaradıldığını, qadınlara seçki hüququnun əksər Qərb dövlətləri ilə müqayisədə daha öncə verildiyini qeyd edib:
“Müstəqilliyini bərpa etdikdən sonra Avrotlantik strukturlara inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə çox böyük nailiyyətlər əldə olunub. Zəngin təbii ehtiyatlara malik olan Azərbaycan sürətlə inkişaf etmiş, eyni zamanda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başlamışdır. Qlobal maliyyə böhranı dövründə belə ölkə iqtisadiyyatı öz inkişaf tempini saxlamış, böhranın öz zirvə nöqtəsinə çatdığı 2009-cu il ərzində ÜDM 9,3 faiz artmışdr”.
O, Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə qonaqlara ətraflı məlumat verib, torpaqlarımızın işğalı nəticəsində 100 minlərlə insanın doğma yurd-yuvalarından didərgin düşməsini əsl humanitar fəlakət adlandırıb.
Komitənin digər üzvü Qənirə Paşayeva erməni terrorunun artıq uşaqları əsas hədəfə almasından narahatçılığını ifadə edib. Deyib ki, təkcə cari il ərzində iki uşaq erməni terrorunun qurbanı olub.
Q.Paşayeva qonaqlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbiristanlıqları məhv etməsi barədə ətraflı məlumatlar verib. Millət vəkildiyi seçildiyi Tovuzun Ağdam kəndində insanların sərhədə yaxın yerləşən ərazidəki mövcud qəbiristanlıqlarına gedə bilməməsini də vurğulayıb.
1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ilə yaxındır ki, öz ev-eşiyinə dönə bilməməsinə toxunan millət vəkili bunu insan haqlarının ən kobud şəkildə pozuntusu adlandırıb, qonaqlardan bu məsələyə hər yerdə öz etiraz səslərini ucaltmağı və qaçqın və məcburi köçkün azərbaycanlıların öz ev-eşiyinə qayıtması istiqamətində səylərini artırmalarını xahiş edib. O bildirib ki, bu gün də Ermənistan tərəfində xeyli sayda azərbaycanlı əsir və girov kimi saxlanılmaqdadır.
Q.Paşayeva BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qəbul etdiyi qərarı cəmi bir neçə gün ərzində yerinə yetirdiyi halda, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurd-yuvaların dönməsinə imkan yaratmasını tələb edən 4 qətnaməsinin yerinə yetirilməsi istiqamətində 15 ildən artıqdır ki, Ermənistana qarşı heç bir təzyiq göstərmədiyini deyib. O, qonaqların bu məsələyə daha həssas yanaşacağına və İspaniyanın ədalətin müdafiəsi uğrunda öz səylərini daha da artıracağına ümid etdiyini vurğulayıb.
Komitə üzvləri daha sonra Azərbaycan parlamentinin fəaliyyəti, demokratik institutların formalaşması, inkişafı, qadınların ictimai-siyasi həyatdakı rolu barədə qonaqlara ətraflı məlumat veriblər.
Nümayəndə heyətinin rəhbəri, İspaniya Krallığı Deputatlar Konqresinin xarisi əlaqələr komitəsinin sədri Xosep Antonio Duran deyib ki, İspaniya dövlətlərarsı əlaqələrin inkişafında maraqlıdır: “Düşünürük ki, bu işdə parlamentlər də mühüm rol oynayırlar. Səfərin əsas məqsədi də bu və digər məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır”.
Daha sonra Xosep Antonio Duran qeyd edib: “Hesab edirik ki, terrora heç nə ilə bəraət qazandırmaq mümkün deyildir. Biz terrorun bütün növlərini pisləyirik”.
Qonaq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib, İspaniyanın bu səhədə də ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Modern.az