Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə sistemləri və İctimai Səhiyyə sektorunun direktoru Hans Klugeni qəbul edib.
Modern.az-ın xəbərinə görə, komitə sədri son illər ərzində Azərbaycanda səhiyyənin inkişafı sahəsində aparılan islahatlar, görülən işlər, əldə olunmuş nailiyyətlər barədə məlumat verib.
Daha sonra Əhliman Əmiraslanov Milli Məclisin Səhiyyə komitəsinin yaranması, fəaliyyəti, hal-hazırda komitənin və bütövlükdə ölkə səhiyyəsinin prioritet sahələri olan icbari tibbi sığorta və “ailə həkimi” institutunun formalaşdırılması məsələləri ilə bağlı söhbət açıb.
Sonra Hans Kluge Azərbaycanda əhalinin sağlamlığının qorunması sahəsində görülən işləri yüksək qiymətləndirərək ÜST-nın hər zaman Azərbaycanın müvafiq dövlət qurumları ilə əməkdaşlığa və onlara dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüş zamanı toplantı iştirakçıları ölkə səhiyyəsinin prioritet istiqamətlərinin inkişafı, uğurlu icrası üzrə fəaliyyət planı və gələcəkdə görülməsi zəruri olan işlər ətrafında geniş müzakirə aparıblar.
Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin üzvləri–Məlahər İbrahimqızı və Sədaqət Vəliyeva da iştirak ediblər.