Dünən Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şamaxı şəhərində “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında”mövzusunda “Novruz mühazirəsi” keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, ziyalılar, media rəhbərləri, QHT nümayəndələri, təhsil ekspertləri və KİV təmsilçiləri iştirak edib. Seminara həmçinin, ali məktəblərdə təhsil alan ABŞ, Türkiyə, Rusiya, İran, Çexiya, Çin və digər ölkələr olmaqla ümumilikdə 30 nəfər əcnəbi tələbə qatılıb.
Müxtəlif ölkələrdən olan əcnəbi tələbələr bölgəyə səfərdə çox həvəsli görünürdülər. Maraqlıdır ki, Azərbaycanı oxumaq üçün seçən əcnəbi gənclər öz aralarında Azərbaycan dilində də danışırdılar. Onlara Azərbaycanın bütün bölgələri maraqlı gəldiyindən səfər zamanı hər şeylə yaxından maraqlanırdılar.
Şamaxıya səfər zamanı 1918-ci ildə Şamaxı soyqırımı zamanı ən böyük qırğınların törədildiyi Cümə məscidinə baş çəkməklə əcnəbi tələbələr Azərbaycan xalqının başına gətirilənlərlə daha yaxından tanış olublar. Tarix elmləri doktoru, professor Anar İsgəndərovun 1918-ci ilin mart hadisələri zamanı sonuncu gün məsciddə ermənilərin yanğın törətməsi nəticəsində təqribən 1700-dən artıq günahsız insanın həlak olması məscidin isə top atəşinə tutularaq yandırılması barədə danışdıqlarına əcnəbi tələbələr diqqətlə qulaq asırdılar.
"Məscidin axundu Molla Cəfərqulu 80 yaşında idi. İslam dinində ən müqədds yer məsciddir. Hətta insanın ən böyük cinayəti olanda belə məscidə daxil olubsa, ona dəymək olmaz. Yaşlı, qoca adamlara elə gəlirdi ki, məscidin həyətinə daxil olsalar onlara dəyməyəcəklər. Təəssüflər olsun ki, 100 illər boyu Şamaxıda Azərbaycanın çörəyini yeyən ermənilər bu xalqa rəhm etmədilər. Daşnak Lalayevin əmri ilə erməni gəncləri məscidin içinə daxil oldular. Ən dəhşətlisi budur ki, mollanın saqqalını, dişini və gözünü çıxarmağa görə erməni gəncləri arasında mübahisə başlayıb ".
Tarix tarixdir. Onu unutmaq olmaz. Şamaxı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önündə erməni hərbi dəstəsinin rəhbəri Lalayanın (Lalayev) dinc əhaliyə hücumu, onları vəhşicəsinə qətlə yetirməsi barədə məlumat verilib.
Lalayanın yaşamaq üçün seçdiyi yer təsadüfi deyildi. Ən hündür yerdən Şamaxı qəzası, insanların ermənilərdən qaçaraq gizlənildiyi Cümə məscidi rahatlıqla görsənirdi. Bildirilib ki, həmin evdən atılan top atəşləri ilə Cümə məscidi yandırılıb.
Modern.az saytının əməkdaşı səfərdə iştirak edən əcnəbi tələbələrin bir neçəsi ilə həmsöhbət olaraq onların Azərbaycanla, xüsusilə, Xocalı faciəsi ilə bağlı bilgilərini araşdırıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Şri Lankadan olan tələbəsi Amarasinghe Valimuni Vichithra Thusharan:
“Bir il olar ki, Azərbaycana oxumaq üçün gəldim. Nağara üzrə ali musiqi təhsili alıram. Bu musiqi alətinin sirlərini öyrənirəm. Bakıdan başqa Qəbələdə də olmuşam. Ora da çox gözəl şəhərdir. İnsanlarınız da doğmadır”.
Qərbi Kaspi Universitetinin özbəkistanlı tələbəsi Khamro Begzod Nosirov müharibələrdən günahsız insanların daha çox əziyyət çəkdiklərini deyir.
“Özbəkistandan gəlmişəm. Amma qısa vaxt ərzində Azərbaycanı sevdim. Atam uzun illər Azərbaycanda tarix üzrə professor olub. Hətta Xocalı həqiqətləri haqqında kitab da yazıb. Sizin xalq çox istiqanlıdır. Yad insanlara qarşı laqeyd deyil. Bakı çox gözəl şəhərdir. Hətta sizin mətbəxinizdə bir ayrı ləzzət var. Burada özümü doğma hiss edirəm. Amma bu gün Xocalı faciəsində qurban olanlarla yanaşı, 1918-ci ildəki hadisələrdən də danışdılar. Xocalı faciəsində ölən insanları şəkillərdə izlədikcə, dəhşətə gəlirəm. Müharibəni heç bir xalq sevmir. Təəssüf ki, müharibədə günahsız insanlar əziyyət çəkir”.
Bakı Mühəndislik Universitetinin myanmalı tələbəsi Nay Lintun faciənin nə olduğunu anlatmağa çalışıb:
“Mən uzaq Myanma torpağından Azərbaycana gəlmişəm. 6 ay ərzində Azərbaycan dilini öyrəndim. İndi hər bir azərbaycanlı ilə öz dilində danışa bilirəm. Azərbaycanlıların erməni vəhşiliyindən əziyyət çəkdiyini bilirəm. Xocalı faciəsi ilə yaxından tanış olduqca, bu soyqrımının mənə yad olmadığını hiss edirəm. Çünki Myanmadakı həmvətənlərim də soyqırımı siyasətinin qurbanına çevriliblər. İndi Myanmada sakitlikdir. Amma insanların kütləvi şəkildə qətl edilməsi yaddaşlardan silinməyəcək”.
Bakı Musiqi Akademiyasının iranlı tələbəsi Saberan Şahriyar Mohammad Reza insanların sülh şəraitində yaşamasını çox arzulayır:
“Azərbaycan mənə çox doğma yerdir. Atam da əslən azərbaycanlıdır. Ona görə də hər fürsətdə Azərbaycanın tarixini öyrənməyə çalışmışam. Mənim azərbaycanlıların Xocalı soyqırımı haqqında bəzi düşüncələrim var. Bu faciəni erməni daşnaqları törədiblər. Hər hansı azərbaycanlının erməni ilə üz-üzə gələrkən nə hisslər keçirdiyini çox yaxşı bilirəm. Eyni hissləri mən də yaşayıram. Məsələn, mənim üçün bir yəhudi ilə üz-üzə gəlmək çox çətindir. Onlara olan qəzəbim sonsuzdur. Çünki yəhudilər bizim bacı-qardaşlarımızın başına oyunlar açırlar. Fələstinlilər yəhudi işgənclərindən əziyyət çəkirlər. Buna baxmayaraq, bəşəriyyətdə yaşayan insanların arasında həmişə sülhün olmasını istəyirəm. Təbii ki, bu məsələlərdə dövlətlərin öz maraqları da var. Bu, danılmazdır”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yunanıstanlı tələbəsi Elina Mourantova Azərbaycanda qalıb işləmək fikrində olduğunu bildirib:
“Mən əslən azərbaycanlıyam. Atam Gürcüstan azərbaycanlılarındandır. Sonradan işləmək üçün Yunanıstana üz tutub və orada ailə qurub yaşayıb. Ona görə də mənim Azərbaycan dilində danışmağıma bəzən qəribə baxırlar. Atam Azərbaycan dilində danışsa da ailədə rusca danışmışıq. Amma orta təhsilimi yunanca almışam. Bu il təhsilimi başa vurub Yunanıstana qayıtmalıyam. Amma işimi Azərbaycanda qurmaq istərdim. Burda yaşamaq mənim üçün rahatdır”.