Ölkə ərazisində, o cümlədən paytaxtda çoxlu icazəsiz tikililər var ki, onların əksəriyyəti vətəndaşların yaşadığı fərdi evlərdir. Hələ 2008-ci ilin sonlarında heç bir qanuni sənədi olmayan belə evlərin siyahılaşdırılmasına başlanılmışdı. Amma yarımçıq qaldı. Nəhayət bu ilin əvvəlində Prezident İlham Əliyevin keçirdiyi iclasda məsələ yenidən gündəmə gətirlidi.
Ölkə başçısının Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırığına uyğun olaraq müvafiq tədbirlərə yenidən start verildi. Amma bu iş də yarımçıq saxlanıldı.
İndi Bakıda mövcud olan sənədsiz tikililər problemi ictimaiyyətdə müzakirə olunan ən aktual mövzulardan birinə çevrilib. Xüsusilə parlamentin müzakirəsində olan "Sığortanın icbari növləri haqqında" qanun layihəsi qüvvəyə mindikdən sonra sənədsiz evlərin taleyinin necə olacağı sual doğurur. Belə ki, yeni qanun sayından asılı olmayaraq vətəndaşların bütün daşınmaz əmlaklarının (yaşayış sahələrini) icbari qaydada sığorta etdirilməsini qərara alır. Evlərin sənədləşdirilməməsi faktiki qanunun yarımçıq işləməsi demək olacaq.
Nəzərə çatdıraq ki, bu ilin əvvəlində Prezidentin tapşırığına uyğun olaraq bəzi ərazilərdə sənədləşmələr aparılsa da, proses başladığı kimi də dayandırılıb. Səbəb kimi isə bu barədə rəsmi sənədin imzalanmaması gətirilir. Lakin təhlillər məsələdə maraqlı olmayan tərəflərin olduğunu deməyə əsas verir. Çünki 3 il əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Dünya Bankının xəttiylə qanunsuz tikililərin sənədləşdirilməsi üçün layihəyə başlasa da, bu proses də yarımçıq qalmışdı.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Xalid Mikayılov bildirir ki, Bakı və Bakıətrafı ərazilərdə, o cümlədən digər rayonlarda yeni yaşayış obyektlərinin sayı sürətlə artsa da, həmin evlərin qeydiyyata alınması məsələsində müəyyən problemlər qalmaqdadır: “Vətəndaşların əmlakının qeydiyyata alınmasında əsas problemlərdən biri bələdiyyələrin fərdi evlərin tikintisi üçün vətəndaşlara ayırdığı torpaq sahələri ilə bağlıdır. Vətəndaşlar əmlaklarına mülkiyyət hüququnu təsdiq edən sənədləri almaq üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət etsələr də, dövlət orqanları sənədləri verməkdən imtina edirlər. Səbəb kimi isə bələdiyyələr tərəfindən ayrılmış torpaq sahələrinin qanunsuz olduğunu və ya yaşayış üçün nəzərdə tutulmadığını göstərirlər”.
Ekspertin sözlərinə görə, bəzən dövlət orqanlarının göstərdiyi səbəblər əsaslı olur: “Bir sıra hallarda vətəndaşlara dövlət mülkiyyəti olan torpaq sahələri satılıb. Hansıki onların bələdiyyələrə heç bir aidiyyatı yoxdur. Belə ki, bələdiyyələr öz səlahiyyətlərini aşaraq müvafiq torpaq fondunun ayrılmasına baxmayaraq, dövlət torpaqlarını da həyətyanı torpaq sahəsi kimi satıblar”.
X.Mikayılovun sözlərinə görə, bələdiyyələrə torpaq sahələrinin satılması qadağan edilsə də, onlar prosesi yenə də davam etdirirlər: “2007-ci ildə bələdiyyələrin qanunsuz torpaq sahələri satmasının qarşısını almaq məqsədilə onlara torpaq satışı qadağan edildi. Lakin bələdiyyələr özlərinə çıxış yolu tapıblar. Bəzi bələdiyyələr torpaq sahələrini satarkən onları 2007-ci ildən əvvəlki dövrə rəsmiləşdirirlər. Bundan əlavə qanunvericiliyə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və ya icarə hüquqları yalnız torpaq hərracları, eləcə də müsabiqələri vasitəsilə həyata keçirilməlidir. Bələdiyyələr, qanunun tələblərini pozaraq, bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə qərarlar qəbul edir, bəzən hətta müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan torpaq satışı ilə məşğul olurlar”.
Mütəxəssis bələdiyyələrin qanunsuz torpaq satışını davam etdirməsinin dövlətə və vətəndaşlara vurduğu ziyandan da söz açdı. Bildirib ki, qanunsuz torpaq satışı sənədsiz evlərin artımını şərtləndirib: “Bu gün ölkədə təqribən 600-ə yaxın sənədsiz bina, 400 mindən artıq sənədsiz həyət evi, o cümlədən, 30 mindən çox sənədsiz mənzil var. Evlərin qeydiyyatsız olması sahiblərinin əmlak vergisindən kənarda qalması ilə nəticələnib. Bu da hər il dövlət büdcəsinə təxminən 100 mln manatdan artıq vəsaitin daxil olmasının qarşısını alır”.
Dövlət Neft Şirkəti (ARDNŞ) isə mədən sahələrinə və neft-qaz kəmərlərinin mühafizə zonalarına düşən torpaqların bir çoxunun bələdiyyələrin qanunsuz qərarları əsasında və yaxud ümumiyyətlə heç bir sənəd olmadan fiziki və hüquqi şəxslər tərəfindən kütləvi şəkildə zəbt olunduğunu əsas gətirərək vaxtaşırı yaşayış evlərini sakinlərin başına uçurur. Şirkətin son açıqlamalarından birinə görə, ARDNŞ və müvafiq Əməliyyat Şirkətləri tərəfindən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində 3000-ə yaxın iddia qaldırılıb və 4500-ə yaxın iddianın məhkəməyə təqdim olunması üçün müvafiq sənədlər hazırlanıb.
Modern.az saytı qeydiyyatsız evlərin sənədləşdirilməsinin dayandırılması səbəbini aydınlaşdırmaq üçün son vaxtlar dəfələrlə rəsmi qurumlara müraciət etsə də, hər hansı qaneedici cavab ala bilməyib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, sözügüdən məsələ ilə bağlı onlarda hər hansı məlumat yoxdur: “Bu barədə bizdə məlumat yoxdur. Bu işlə məşğul olmaq tağşırığı digər qurumlara verilib”.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətinin rəhbəri Eldar Sadıx deyib ki, hazırda komitənin Bakı şöbəsində bununla bağlı heç bir iş getmir: “Bizə hər hansı mexanizm verilməyib. Bizim komitənin torpaqlara sənəd vermək ixtiyarı yoxdur. Bu məsələ ilə bağlı gərək rayon icra hakimiyyətləri nəsə iş görsün”.
Dövlət Şəhərsalama və Arxitektura Komitəsinin şöbə müdiri Çahangir Qocayev də məsələdən xəbərdar deyil: “Bununla bağlı mexanizim hazırlanıb verilməli idi. Bizim şöbələrdə bununla bağlı məlumat yoxdur. Mən də hər hansı məlumata sahib deyiləm”.
Əmlak Məsələləri Dövlət Komitəsindən də məsələyə münasibət bildirmək istəməyiblər.
Qeyd edək ki, ölkə Prezidentinin göstərişinə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti sənədsiz evlərin məsələsiylə bağlı mexanizm hazırlamalı və layihə razılaşdırılmaq üçün Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim olunmalı idi. Bundan sonra yekun variant qəbul edilə bilərdi.
Deyəsən məsələ lap tapmacaya dönüb....
Modern.az