2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərin əməkhaqları artırılıb.
Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daha bir sərəncamı ilə təhsil işçilərinin maaşları artırıldı. Ölkə başçısı “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 28 fevral 2018-ci il tarixli sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb. Bu artım orta hesabla 240 min təhsil işçisinə şamil edilir.
Modern.az saytı məsələ ilə bağlı ictimaiyyət nümayəndələrinin rəylərini təqdim edir
Millət vəkili Vahid Əhmədov deyir ki, son vaxtlar müəllimlərin maaşı artması ilə əlaqədar ciddi artımlar var.
“Müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı maaşların artırılması baş verdi. Cənab prezident nəzərə aldı ki, müəllimlərin maaşı hələlik yuxarı səviyyədə deyil, yenidən artırdı. İndi kimsə deyə bilər 10 faiz azdır. Amma nəzərə alsaq ki, müəllimlərin sayı da kifayət qədər çoxdur, eyni zamanda bu sərəncam bütün təhsil işçilərinə şamil olunur. Deməli, yaxşı rəqəmdir. Cənab Prezident mütəmadi olaraq elm sahəsində, səhiyyə və digər sahələrdə çalışanların maaşını artırır. Bu, çox gözəl addımdır”.
Təhsil eksperti Şahlar Əsgərovun sözlərinə görə bu. Çox gözəl təşəbbüsdür.
“Təhsil işçilərinin əmək haqlarının ölkə başçısı tərəfindən qaldırılması çox gözəl təşəbbüsdür. Çünki ölkəmizdə yüz minlərlə təhsil işçisi var. Əmək haqlarının qaldırılması həm müəllimlərin məişət məsələlərinə təsir edəcək, həm də təhsilin keyfiyyətinə. Tam əminliklə deyək ki, bu, təşəbbüs təsirsiz ötüşməyəcək. Arzu edirəm ki, təhsil işçiləri heç bir vaxt dövlətin diqqətindən kənarda qalmasın. Çünki hər şey təhsilə bağlıdır”