Modern.az

ABŞ-Türkiyə GƏRGİNLİYİ: Fransa “mən də varam” demək İSTƏYİR

ABŞ-Türkiyə GƏRGİNLİYİ: Fransa “mən də varam” demək İSTƏYİR

1 Mart 2018, 13:28

“Atlas araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu son vaxtlar ABŞ, Türkiyə və Suriya  arasındakı ziddiyyətli məqamlar barədə şərh verib.

 

Modern.az xəbər verir ki, politoloq Amerika dövlət katibi ilə Türkiyə rəhbərliyinin Suriya məsələsi ətrafında bir müddət əvvəl əməkdaşlıq vədinə toxunub.

 

“ABŞ dövlət katibi Reks Tillerson bir müddət əvvəl Türkiyəyə gəldi və prezident  Rəcəb Tayib Ərdoğanla, o cümlədən türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə Suriyada əməkdaşlıq vədi verdi, ortaq mexanizmlər təklif etdi. Bu əməkdaşlığın reallaşmayacağını, Vaşinqtonun vədini yerinə yetirməyəcəyini və “ortaq mexanizmlərin” işləməyəcəyini elə Tillersonun Ankaradakı görüşləri zamanı yazmışdım. Heç nə dəyişmədi. ABŞ əvvəlki tək PKK/PYD cütlüyünə dəstək verir, Pentaqon terrorçulara Suriyada minatəmizləmə təlimlərinin fotoşəkillərini paylaşır, üstəlik də Vaşinqtondan açıqlama gəlir ki, Türkiyə Suriyadakı atəşkəsə riayət etsin. Ortaq mexanizmlər də söz olaraq qaldı. Beləcə Ankara-Vaşinqton xəttində gərginlik davam edir”.

 

Ekspertin sözlərinə görə, Fransa da “bölgədə mən də varam” deməyə çalışır.

 

“Paris də Suriyada atəşkəsin vacibliyindən danışır, Fransa prezidenti Emmanuel Makron tez-tez Ərdoğana zəng edir. Fransa Avropa Birliyinin iki aparıcı dövlətindən biridir, o birisi Almaniya ancaq köhnə qitənin problemləri ilə məşğuldur, çox uzaqlara getmək istəmir. Makron Ərdoğanın Suriyadakı planlarına mane olmayana qədər Türkiyə əməkdaşlığa ümid edə bilər.

 

Hələ ki, Paris Vaşinqtondan fərqli olaraq Ankaraya mane yaratmır, Türkiyəyə “hücumu dayandır” və ya “atəşkəsə riayət et” mesajları göndərmir. Görünür, Makron Ərdoğanla sıx dialoq yolu ilə Suriyada varlığını gücləndirmək istəyir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi