Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Jurnalistika” Elmi-tədqiqat laboratoriyasının elmi işçisi Samir Xalid oğlu Mirzəyevin “I dünya müharibəsi illərində Azərbaycan mətbuatı (1914 – may 1918)” kitabının təqdimatı keçirilib.
Modern.az xəbər verir ki, fakültənin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbiri açan fakültə dekanı, dosent Vüqar Əliyev müəllif və kitab barədə məlumat verib. O, I Dünya müharibəsi illərinin jurnalistikasının mətbuat tariximizdə indiyədək öyrənilməməsinə diqqət çəkərək kitabı ictimai-siyasi və ədəbi-mədəni fikir tariximizi dəqiq və dürüst öyrənməyin mötəbər mənbələrindən biri kimi xarakterizə edib.
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Radio və televiziya kafedrasının müdiri, professor Allahverdi Məmmədli, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun informasiya sektorunun müdiri Xatirə Hüseynova, Bilik fondunun mətbuat katibi Ceyhun Musaoğlu, Jurnalistika fakültəsinin müəllimləri – Aygün Əzimova, Əli Hacıyev çıxışlarında kitabın əhəmiyyətindən danışıb, onu yüksək qiymətləndiriblər.
Sonda çıxış edən müəllif tədbirdə iştiraklarına, çıxışlara və təkliflərə görə qonaqlara təşəkkür edib, tələblərə kitabını təqdim edib.
Qeyd edək ki, monoqrafiyanın elmi redaktoru professor Şirməmməd Hüseynov, rəyçiləri Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri, professor Şamil Vəliyev və tarix elmləri doktoru, professor Nəsiman Yaqubludur.
I dünya müharibəsi illərində milli mətbuatımızın fəaliyyətindən bəhs edən monoqrafiyada tədqiqat üçün 1914-cü ilin iyunundan – müharibənin başlanmasından 1918-ci ilin mayına – Azərbaycan Xalq Cümhuriyyətinin elanına qədərki dövr götürülmüşdür. Burada anadilli mətbuat, onun mövzu dairəsi, aparıcı jurnalist və publisistləri haqqında ətraflı məlumat verilir. Kitab mətbuat tarixi sahəsində araşdırma aparan tədqiqatçılar, həmçinin jurnalistika fakültəsinin tələbə, magistr və doktorantlarıüçün nəzərdə tutulsa da, geniş oxucu kütlələri də bu nəşrdən istifadə də bilərlər.