Modern.az

Hacı Əmi Atakişiyev üçün əlamətdar HADİSƏ

Hacı Əmi Atakişiyev üçün əlamətdar HADİSƏ

1 Mart 2018, 15:41

“Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin baş katibi və fəxri sədri Hacı Əmi Atakişiyev 67 yaşını tamam edib.

Modern.az-ın məlumatına görə, Hacı Əmi Hacı oğlu Atakişiyev 28 fevral 1951-ci il tarixində Bakı şəhərində doğulub. 1968-ci ildə 156 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub.

Tələbəlik dövründə “Tələbə konstruktor bürosu”nun yaradıcılarından biri olub, ilk dəfə İçərişəhərdəki 48-49-cu məhəllələrin regenerasiya planlarını hazırlayıb və Azərbaycanın tarixi-memarlıq abidələrini araşdırıb. 1976-cı ildə bu fəaliyyəti Azərbaycanın Komsomol mükafatı ilə təltif olunub.


Hacı Əmi Atakişiyev 1974-cü ildə - institutu bitirdikdən sonra “Bakıhidrolayihə institutunda çalışıb, Şamxor və Sərsəng su elektrik stansiyalarının layihələndirilməsində iştirak edib.

1975-ci ildən Bakı şəhər Komitəsinin “İçərişəhər” müdiriyyətində çalışıb və memar heyətilə birlikdə İçərişəhərin Baş planını hazırlayıb. 1978-ci ildə Azərbaycan İnşaat İnstitutunun aspiranturasına daxil olub. 1980-ci ildən Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdində “Muzeybədiilayihə”nin Qarabağ, Naxçıvan üzrə tarixi ölkəşünaslıq muzeylərinin yaradılmasında yaradıcı studiyanın rəhbəri olub.

1984-1999-cu illər arası Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH), Şəhər tərtibatı dizayn İdarəsinin rəisi, Bakı şəhər Baş memarının müavini, Bakı şəhərinin baş rəssamı və “Reklam-informasiya” Departamentinin sədri vəzifələrində çalışıb.

1992-1999-cu illərdə BŞİH-in Reklam və İnformasiya İdarəsinin rəisi olub.

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Dizayn” kafedrasının dosenti vəzifəsində çalışıb.

1995-ci ildə “Azərbaycan Reklamçılar İttifaqı”nın təsisçilərindən biri, eyni zamanda, İttifaqın İdarə Heyətinin sədri olub.

15 may  2015-ci il tarixində Azərbaycan  Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Reklam haqqında” Qanunun hazırlanmasında ekspert kimi iştirak edib.


2016-2017-ci illlərdə “Vətənpərvərlik mövzusunda Sosial Reklamlar”ın hazırlanması və tətbiqi sahələrinin müəyyənləşdirilməsi sahəsində silsilə tədbirlərin rəhbəri olaraq fəaliyyətini davam etdirib.


2018-ci ildə “Azərbaycan Reklamçılar İttifaqı”nın 5-ci konfransında səhhətində yaranan problemlə əlaqədar olaraq İdarə Heyətinin sədrliyindən istefa verib. Hazırda “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin Baş Katibi və fəxri sədridir.

Respublikamızda reklam sahəsinin inkişafı prespektivləri və dünya təcrübəsinin gənc mütəxəssislərə aşılanması ilə bağlı tədris materiallarının hazırlanması ilə məşğuldur.  

Hacı Əmi Atakişiyev  Beynəlxalq Şərq Memarlar Akademiyasının müxbir üzvü, Beynəlxalq Ekoenerji Akademiyasının doktoru və professorudur.

O, eyni zamanda Beynəlxalq Reklamçılar Assosiasiyasının Qafqaz və Mərkəzi Asiya üzrə regional direktoru, Moskva Memarlar İttifaqının üzvü, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür.


Hacı Əmi Atakişiyevin ərsəyə gətirdiyi layihələr sırasındaİpək yolu üzərində müasir şəhərsalma və alternativ baş ticarət yolunun konseptual layihəsi”, “Abşeron yarımadası ətrafında batmış yaşayış məskənlərinin axtarışı və qurulma layihələri (ən öncəsi Bakı amfibiyası)”, “Əli Bayramlı şəhərində (indiki Şirvan) Heydər Əliyev üçün ucaldılmış heykəl-abidə və muzey kompleksi”nin adını çəkmək olar.

O, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Qala arxeoloji və etnoqrafik muzey” kompleksinin layihəsində memarlıq-planlaşdırma və dizayn işlərinin müəllifi və icraçısı olub.

Hacı Əmi Atakişiyev bir sıra kitabların müəllifidir. Buna misal olaraq, “Reklam işi”, “Memar Hacıəmi dünyası”, “Şəhər mühiti və reklam”, “Şəhər mədəniyyəti, turizm və reklam”, “Reklamın tarixi, tarixin reklamı”, “Memar Əcəmi – Hacıəmi”, “Kainat və İnsan” kitablarını “Reklam haqqında Azərbaycan Respublikasının Qanunu” sənədlər toplusunu göstərmək olar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi