“Bu günə olan məlumata görə elektron sistemlə birinci sinfə qəbul üçün təxminən 35 minə yaxın sorğu göndərilib”.
Modern.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. O bildirib ki, Hazırda valideynlər sorğular əsasında qeyd etdikləri ərizələri çap edib sənədləri məktəblərə təqdim edirlər.
“Sənəd təqdim edilmə mərhələsində əvvəlki illərdən fərqli olaraq uşaqların məktəbə getməsinə heç bir ehtiyac yoxdu. Artıq 2 ildir ki, müsahibə mərhələsi ləğv olub. Bu proses iyun ayının 14-nə qədər davam edəcək. Bu birinci mərhələdir, ikinci mərhələ məktəblərdə boş qalan vakant yerlərə yenə də sənəd qəbulu davam edəcək. Bu proses fevralın 20-dən sentyabrın 15-nə qədər davam edəcək. M.Vəliyeva deyib ki, BŞTİ-yə sənəd qəbulu ilə bağlı müraciətlər daxil olur. “Bakı şəhərinin məktəblərində bütün ərazilər üzrə 52 alternativ komissiya yaradılıb. Komissiyalarda sorğulara baxılır. Əsasən sorğu verən və yaxud şikayətlə müraciət edən valideynlərin şikayəti ərazidə məktəbdə boş yerin olmaması ilə və yaşamadığı ərazilərdə uşaqlarını məktəbə qoymaq istəyi bağlıdır. İlk növbədə xidməti ərazidə yaşayan valideynlərin uşaqları yerləşdirilir, daha sonra boş yer qalarsa digər uşaqlar məktəbə yerləşdirilə bilər”.
O bildirib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən və birinci sinfə qəbulu həyata keçirən 300 məktəbin yalnız 31-də 1-ci sinfə qəbulda sıxlıq müşahidə edilir. “Sıxlıq o məktəblərdə müşahidə olunur ki, ərizələrin sayı məktəbin yer sayından çoxdur. Bu məsələdə də biz ərazi prinsipinə çox tətbiq edirik. Yerdə qalan məktəblərdə heçbir sıxlıq olmadığı üçün valideynlər uşaqlarını istədikləri məktəbə yerləşdirə bilərlər. Yenə də biz valideynlərə tövsiyyə edirik ki, uşaqların yaşını, sağlamlığını nəzərə alaraq yaşadıqları ərazilərdəki məktəblərə qoysunlar. İdarə müdirinin sözlərinə görə, valideynlərin başqa şikayəti istədikləri müəllimin sinfində yerin olmaması ilə bağlıdır.
“Bu da valideynlərin seçimidir. Ötən ildən etibarən artıq valideynlər elektron sistemdə istədikləri müəllimi seçə bilərlər. Burada məsələni müddət həll edir. Yəni o valideynlər ki, vaxtında sorğu göndərir, onlar uşaqlarını problemsiz məktəbə yerləşdirir”.