Modern.az

“Azərbaycan xalçaçılığında yeni inkişaf dövrü başlayır” - “Azərxalça”nın rəhbəri  

“Azərbaycan xalçaçılığında yeni inkişaf dövrü başlayır” - “Azərxalça”nın rəhbəri   

1 Mart 2018, 17:08

Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsi proqramı təsdiq edilib. 2018-2022-ci illəri əhatə edən dövlət proqramında nəzərdə tutulan tədbirləri əlaqələndirmək İqtisadiyyat Nazirliyinə həvalə olunub.

Prezident İlham Əliyevin 28 fevral sərəncamı ilə rəsmiləşən dövlət proqramının vəzifələri belə müəyyən olunub: xalçaçılığın xammal təminatının yaradılması; xalçaçılığın infrastruktur təminatının yaxşılaşdırılması; yeni iş yerləri yaradılmasının dəstəklənməsi; xalçaçılıq sahəsində, o cümlədən yun emalı, yun və ipək ipliklərin hazırlanması, boyaq bitkilərinin emalı və boyaq maddələrinin istehsalı üzrə ixtisaslı kadr hazırlığının həyata keçirilməsi; regionların xalçaçılıq potensialının gücləndirilməsi; “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) ölkə brendinin yaradılması, tanıdılması və inkişaf etdirilməsi; xalçaçılığın rəqabət qabiliyyətinin artırılması; xalçaçılığın ixrac potensialının artırılması; sənaye üsulu ilə xalça istehsalı ənənəsinin bərpa edilməsi və inkişafı; ali məktəblərdə dövlət sifarişi ilə tələbə qəbulu planında nəzərdə tutulmuş mövcud say çərçivəsində və ödənişli təhsil hesabına “xalça sənayesi” və “xalça biznesi” ixtisaslarının tədrisi; Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərinə xas olan qədim çeşnilərin bərpa edilməsi, istehsalatda tətbiqi, yeni çeşnilərin hazırlanması və bu çeşnilər əsasında xalçaların toxunması.


“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov Modern.az-a
deyib ki,  prezidentin təsdiq etdiyi proqram Azərbaycan dövlətinin xalçaçılıq istiqamətində strategiyasını əks etdirir:


“Dövlət proqramında bu sahədə həllini gözləyən bütün problemlər qeyd edilib.  Bu proqramın qəbul olunması ilə Azərbaycan xalçaçılığında yeni bir inkişaf dövrü başlayır.  Düzdür, bundan əvvəl  “Azərxalça” Açıq Səhimdar Cəmiyyəti yaranmışdı və bölgələrdə də ofislərimiz var idi. Bizdən sonra da bu sahə istiqamətində görülən işlər daha da genişlənəcək.

Bu gün xalçaçılıq sahəsində görülən işlərin deyərdim ki, dünyada analoqu yoxdur. Faktlar göz qabağındadır. Müasir dünya xalçaçılığında “Made in Azerbaijan” brendi yaradılıb.  Respublika daxilində ən mühüm sənaye üsulu ilə istehsal olunan xalçaların bazasının yaradılmasına başlanılıb”.


V.Muradov qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda xalçaçılıq elm kimi öyrədilir:


“Mən də akademiyadakı xalçaçılıq şöbəsinin rəhbəriyəm.  Digər tərəfdən bu sahənin inkişafı ilə əlaqədar ali təhsil müəssisələrində, peşə məktəblərində yeni ixtisaslar hazırlanacaq. Bu peşənin öyrədilməsi artıq geniş miqyas alır.  Dünya muzeylərində saxlanılan , ölkəmizdə olmayan   Azərbaycan xalçaları  nümunələrinin alınıb  bura gətirilməsi nəzərdə tutulub. Bu proses həm Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, həm də “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən reallaşdırılacaq”.


Müsahibimiz bildirib ki,   xalçaçılıqla bağlı yerlərdə və rayonlarda tədris hazırlıq kursları yaradılıb:


“Dərslər böyük iş təcrübəsinə malik peşəkar xalçaçılar tərəfindən aparılır. Tədris-hazırlıq kursları hanalarla, lazımi avadanlıqlarla, xammalla, eyni zamanda, xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təmin edilib.

Azərbaycanın müxtəlif bölgələrində - Qubada, Gəncədə, Şirvanda, Qarabağda, Qazaxda istehsal olunan xalçalarımız artıq brenddir. Lakin  xalçaçılıq artıq kompleks şəkildə araşdırılır. Biz proqramın qarşımıza  qoyduğu bütün tələbləri əməl etməyə çalışacağıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi