Rusiya prezidenti Vladimir Putin ötən gün Federal Məclisə müraciəti zamanı ölkəsinin silah arsenalı ilə bağlı dünyanı qorxuya salacaq açıqlamalar verib.
Putin qeyd edib ki, Rusiya yeni nüvə silahlarının testini keçirib. Onun sözlərinə görə, Rusiyada nüvə qanadlı raketləri, nüvə sualtı dronları, yeni hipersonik raketlər mövcuddur.
Putin çıxışı zamanı nümayiş etdirilən videoda qitələrarası ballistik raket böyük ekranda göstərilirdi.
Modern.az saytının Böyük Britaniyanın nüfuzlu “Dailymail” nəşrinə istinadən məlumatına görə, videoda yeni raketlərin ABŞ-ın Florida ştatına yağış bombalarını işə salmaq potensialında olduğu görünür.
Məlumata görə, videoçarxı izləyən bəzi sosial şəbəkə istifadəçiləri bu qənaətə gəliblər.
Putin çıxışı zamanı bildirib ki, yeni nəsil silahlar NATO-Amerika raket müdafiə sistemlərinin “faydasız” olduğunu göstərir. Həmçinin qeyd edib ki, bütün bunlar Qərbin Rusiyanın inkişafını dayandırmaq üçün göstərdiyi səylərə təsirli cavabdır.
Vladimir Putinin sözlərinə görə, Rusiya, ABŞ-NATO antiraket müdafiəsi sistemlərinin genişlənən imkanlarına qarşı yeni silah hazırlamağa məcbur olub. Rusiya prezidentinin elan etdiyi silahların bəziləri doğrudan da ilk dəfə olaraq nümayiş etdirilirdi. Onların texniki xüsusiyyətlərini və hazırlıq dərəcəsini açıq mənbələrlə yoxlamaq mümkün deyil.
O, eyni zamanda yeni istehsal edilən sualtı pilotsuz aparatların ənənəvi sualtı qayıq və torpedoları sürət baxımından dəfələrlə üstələdiyini də əlavə edib.
"Bu fantastikadır. Rusiya hərbi sənayesi ciddi uğurlar əldə edib. Perspektivdə səsdən sürətli silahların və lazer silahlarının hazırlanması niyyəti də mövcuddur.
Putinin iddiasına görə, Rusiyanın yeni silahları planetin istənilən yerini vurmağa qadirdir.
Qərb mətbuatı Putinin dünyanı lərzəyə salan açıqlamalarını növbəti nüvə təhdidi kimi xarakterizə edib.
İsrailin “Cursorinfo” saytına danışan Kosmik Siyasət İnstitutunun rəhbəri İvan Moiseyev isə məsələni çox da şişirtməyin tərəfdarı deyil. O qeyd edib ki, nüvə enerji qurğuları ilə təchiz olunmuş qanadlı raketlər mövcud ola bilməz.
“Qanadlı raketlərə nüvə mühərrikini qoymaq olmaz və belə mühərrik yoxdur” –deyə o bildirib.
Raket texnikası üzrə alman ekspert Robert Şmuker isə bildirib ki, Putinin bəyanatları inandırıcı deyil.
“Mən təsəvvür edə bilmirəm ki, Rusiya uçan istilik nüvə reaktoru yarada bilsin”-deyə Robert Şmuker söyləyib.
Ekspertin sözlərinə görə, Rusiya yaxın gələcəkdə də nüvə-energetika qanadlı raketini hazırlamaq qabiliyyətində olmayacaq.
Onun fikrincə, Rusiya nüvə enerjisi ilə təchiz olunmuş qanadlı raketlərini inkişaf etdirə bilməyib.
Qeyd edək ki, Putin çıxışında Rusiyanın “Sarmat” qitələrarası ballistik raketi, okean sualtı dron sistemləri, “Kinjal” hipersonik kompleksi, “Avanqard” səsdən iti raket kompleksi, lazer döyüş komplekslərindən bəhs edib.
Bu arada ABŞ Müdafiə Nazirliyi Rusiya liderinin yeni silaha dair bəyanatına təəccüblənmədiyini bildirib.
Pentaqonun rəsmi nümayəndəsi Dana Uayt bəyan edib ki, ABŞ özünü müdafiə etməyə tam hazırdır.
Pentaqon hipersəsli texnologiya üzərində işlədiklərini bəyan edib.
“Bu yeni silahın sınaqlarına 2019-cu ildə başlanılacaq.Biz Rusiya və Çin kimi ölkələrlə rəqabət apardığımızı bilirik", — deyə Perspektiv Tədqiqat Layihələri İdarəsinin rəhbəri Stiven Uoker bu haqda bildirib.
Uoker qeyd edib ki, artıq bir neçə ildir onun rəhbərlik etdiyi idarə Hərbi Hava Qüvvələri, NASA, quru qüvvələri və Hərbi Dəniz Qüvvələri ilə birlikdə hipersəsli silahlar üzərində işləyir.
Onun fikrincə, hipersəsli silahların yaradılması ilə bağlı məsələ onların qarşısındakı əsas prioritetlərdən biridir. Perspektiv Tədqiqat Layihələri İdarəsi hələ ötən ilin payızında bu sahəyə ayrılan büdcə vəsaitlərini artırmağı xahiş edib.