Polşa prezidentinin səfəri zamanı Avropa enerji layihələrində Bakının iştirak imkanları müzakirə edilib
Polşa prezidenti Bronislav Komarovskinin Azərbaycana son rəsmi səfəri sentyabr ayında Avropa dövlət başçılarının Varşava sammitinə qədər Xəzər və Yaxın Şərq regionundan Avropa Birliyi ölkələrinə qaz nəqlini nəzərdə tutan “NABUKKO” layihəsində Azərbaycanın iştirakı imkanlarını öyrənmək məqsədi daşıyıb. Modern.az bildirir ki, bu barədə nufuzlu “Startfor” Araşdırma Mərkəzinin bu gün açıqlanan rəyi əsasında fikir yürütmək olar.
Xatırladaq ki, Avropa Birliyinin yeni sədri olan Polşa bu ayın əvvəlindən həmin posta keçərkən özünün bir sıra prioritetlərini açıqlayıb.
“Polşa ümümi bazar, ümumi təhlükəsizlik, enerji təhlükəsizliyi və Avropa Birliyinin Cənub və Şərq qonşuları ilə əlaqələrin genişləndirilməsini dəstəkləyir. Bunlar çox uğurlu prioritetlərdir”-deyə Avropa Parlamentinin Polşadan olan sədri Eje Buzek təntənəli mərasimdə bildirmişdi.
“Stratfor”un açıqladığı sənəddə bildirilir ki, “Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Polşa prezidenti üçün təşkil olunan bu səfərin əsas məqsədi AB ilə altı keçmiş sovet respublikası - Belarus, Ukrayna, Moldova və üç Cənubi Qafqaz dövləti arasında əməkdaşlığın inkişafına nail olmaqdır”. “Stratfor” bildirir ki, bu turne Rusiyanın Bakıya təzyiqlərinin mümkün fəsadlarını müəyənləşdirmək və Moskvanın Azərbaycana nəzarət imkanını zəiflətmək üçün atddığı simvolik addımdır.
“Bu səfər Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində təşkil olunub və Varşavanın əsas məqsədi proqram çərçivəsində Azərbaycanın etimadını qazanmaqdır. Bununla bağlı Polşanın addımları daha çox Rusiyanın nüfuzunun həmin ölkələrdə artmasının qarşısını almaq məqsədi güdür. Azərbaycan, Gürcüstan və Ermənistan Şərqi Avropa ölkələri ilə müqayisədə bu proqram çərçivəsində Polşadan heç vaxt belə diqqət görməyiblər. Lakin möhkəm dayaq əldə etmək üçün Cənubi Qafqaz Polşa üçün çətin bir yerdir. Buna baxmayaraq, həmin ölkələrdən hər birinin Qərblə yaxın münasibətlər qurmaq üçün nəsə təklif etmək imkanı var”.
“Startfor”un rəyində bildirilir ki, Avropanın enerji təhlükəsizliyi bu baxımdan əsas motivlərdən biridir. “Azərbaycan Qərb üçün strateji regiondur. O İran və Rusiya ilə sərhəddə yerləşməsi və enerji resurslarının bolluğu ilə seçilir. “NABUKKO” layihəsi barədə uzun illər danışılsa da, bu plan həllini tapmır. Polşa bu yaxınlarda təklif edib ki, Avropa Komissiyası Azərbaycan və Türkmənistanla sentyabr ayında enerji məsələləri üzrə danışıqlara başlasın”-deyə sənəddə deyilir.
Ekspertlərin fikrincə, Polşanın “Şərq tərəfdaşlığı” proqramında artan rolu Bakı üçün unikal imkan yaradır. Azərbaycan özünün Rusiya, Belarus, Ukrayna və Qazaxıstanla olan ənənəvi hərbi əlaqələrini diversifikasiya etmək üçün imkan əldə edir. Belə ki, keçmiş sovet hərbi silah təhcizatçıları Bakının almaq istədiyi texnikaları əldə etməsi üçün məhdudiyyətlər yaradırlar. Bakı isə NATO standartları ilə təmin olunmasında maraqlıdır.
“Stratfor” ekspertlərinin fikirncə, “Şərq tərəfdaşlığı” proqramı Avropa Birliyi üçün tərəfdaş ölkələrdə uzunmüddətli təsir üçün “yumşaq güc” imkanı hesab edilir.
Polşa iyulun 1-dən Avropa Birliyinə sədrlik edir. Prezident Komarovski iyulun 25-26-da Bakıda rəsmi səfərdə olub.
X. SƏFƏROĞLU