Əli Kərim adına Sumqayıt şəhərinin “Poyeziya evi”ndə “Mən bir gizli xəzinə idim...” kitabının təqdimatı keçirildi.
Modern.az-ın məlumatına görə, jurnalist Dilarə Quliyevanın qələmə aldığı kitabda tanınmış iqtisadçı, cəmi 43 il ömür sürmüş Fuad Cəmaləddin oğlu Gəncəliyevin həyat yolundan bəhs edən xatirələr yer alıb.
Fuad Gəncəliyev Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsində 20 il çalışıb, dövlət maliyyəsinin və büdcənin idarə olunması üzrə qanunvericilik bazasının yaradılmasında, təkmilləşdirilməsində və beynəlxalq standartlara uyğunlaşdırılması proseslərinin həyata keçirilməsində böyük uğurlara imza atıb. Yaxşı mütəxəssis kimi ölkəmizin hüdudlarından kənarda da tanınmış iqtisadçının əməyi, maliyyə sahəsindəki xidmətləri yüksək qiymətləndirilib. Yaponiyanın Maliyyə Nazirliyində Fuad Gəncəliyev xüsusi medalla təltif olunub.
“Mən bir gizli xəzinə idim” kitabında Sumqayıt şəhərində məskunlaşan Qubadlı rayonunun sakinlərinin də xatirələri yer alıb. Bu kitab həm bir ailə dramı, həm nümunəvi ailə modeli, həm də oğlunun öləcəyini hiss edən atası Cəmaləddin Gəncəliyevin sarsıntıları və oğlunun ölümünü görməsin deyə, ondan 15 dəqiqə əvvəl intihar etmiş ülvi ata məhəbbəti haqqında yazılan iki ömür yoluna işıq tutan bir əsərdir.
Kitabın təqdimat mərasimində Fuadın ailə üzvləri, yaxın qohumları, uşaqlıq və tələbə dostları, iş yoldaşları Yavər Vəliyev, Təvəkkül Həsənov,Yelmar İsgəndərov,Fəridə Abbasova, Təbrik Quliyev,Ömər Şirəliyev,Miriyev Məcid , İrafil xanlarov Fuad Gəncəliyevin xeyirxah əməllərini yada salıb, onun bacarıqlı alim, vətənpərvər bir oğul olduğunu xatırlayıblar.
Kitabın müəllifi Azərbaycan Dövlət Televiziyasının əməkdaşı, jurnalist-publisist Dilarə Quliyeva öz çıxışında qeyd edib ki, insanın yoxluğu haqqında kitab yazmaq çox ağrılı və məsuliyyətli bir məsələdir.
“Əgər bu kitab ilə oğul həsrəti ilə yanan Səməngül ananın dərdinin üstünə bir damcı su çiləyə bilibsə, demək ananın ağrısına şərik olub, onu ovuda bilmişəm. Bu kitab toyu olmayan oğluna ananın toy hədiyyəsidir!”.
Kitabın təqdimat mərasiminin aparıcısı tanınmış publisist-telejurnalist Hafiz İmamverdiyev “Mən bir gizli xəzinə idim kitabı bir ailə şəcərəsi, nəsil ktabının yazılması ənənəsidir”- deyə təqdimata yekun vurub.