Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 40-a yaxın əməkdaşı işində yol verdiyi nöqsanlarla əlaqədar daha aşağı vəzifəyə keçirilib, 10-dan artıq əməkdaş isə xidmətdən xaric olunub.
Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) rəisi Mədət Quliyev bildirib. M. Quliyev bu statistikanın onun PX-yə rəis təyin olunmasından sonrakı müddətə aid olduğunu deyib.
M.Quliyev APA-ya Cəzaçəkmə Müəssisələrində məhkumların saxlanma şəraitində bəzi nöqsanların olduğunu da qeyd edib: “Biz çalışırıq ki, məhkumların saxlanma şəraitində dönüş yaradaq”.
“Qobustan həbsxanası müasir standartlara cavab vermir”-deyən M. Quliyev tezliklə Qobustan həbsxanasının yeni tikilən cəzaçəkmə müəssisəsinə köçürüləcəyini bildirib: “Artıq 7 müasir cəzaçəkmə müəssisəsi tikilir, tezliklə istifadəyə veriləcək. Mən istəyirəm ki, Azərbaycandakı məhbuslar üçün ofis şəraiti yaradılsın. Onların internetə çıxışları olsun, telefonla təmin edilsinlər, cəmiyyətlə əlaqə saxlaya bilsinlər. Eyni zamanda müəssisələrdə kondisionerlər quraşdırılmasını istəyirik. Lakin bütün bunları qanun çərçivəsində etmək lazımdır. Biz də buna çalışırıq”.
Nazir müavini həmçinin bildirib ki, cəzaçəkmə Müəssisələrində cəza çəkən şəxslərin cinayətkar aləmlə əlaqələri var. M. Quliyev Cəzaçəkmə Müəssisələrinə narkotik vasitələrin keçirilmə hallarının da olduğunu bildirib: “Biz bu problemlərin qarşısını almağa çalışırıq. Təəssüf ki, bu bir problem olaraq hələ də qalır”.
Modern.az