Horadiz şəhərindəki Muğam Mərkəzində 8 Mart Qadınlar günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlar, şəhid anaları, imtiyazlı qadınlar iştirak edib.
Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun qadınlarını 8 Mart Qadınlar bayramı münasibəti ilə təbrik edib.
Ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışan Alı Alıyev bildirib ki, hazırda Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. Son illər rayonda qadınların dövlət qulluğunda, bələdiyyələrdə də uğurla təmsil olunduqlarını vurğulayan Alı Alıyev qeyd edib ki, əsası görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğunu, ana məfhumunun minillərdən bəri xalqımızın təfəkküründə doğma yurdu, vətən torpağını və dilimizi təcəssüm etdirdiyini vurğulayan rayon icra başçısı Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bütün qadınlara örnək olan ictimai-siyasi fəaliyyətindən bəhs edib.
Çıxış edən qadınlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayon qadınları Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı 8 mart qadınlar bayramı münasibəti ilə təbrik ediblər.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlara Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
Tədbir rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.