Modern.az

Jurnalistlər üçün yeni yazı müsabiqəsi elan olunub

Jurnalistlər üçün yeni yazı müsabiqəsi elan olunub

Media

29 İyul 2011, 12:37

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin yığıncağı keçirilib. Yığıncaqda «Azərbaycan Həmkarlar İttifaqlarının həyatından bəhs edən ən yaxşı yazı, tele-radio süjeti» respublika müsabiqəsinin təşkili və keçirilməsi haqqında qərar qəbul ediilib.
Konfederasiyanın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, müsabiqədə kütləvi informasiya vasitələrində ən azı 5 il müddətində fasiləsiz işləyən şəxslər iştirak edə bilərlər. Hər bir media nümayəndəsi yalnız bir material təqdim edə bilər. Qəzet və jurnal yazıları son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Mətbuat Şurasının tərtib etdiyi «Qara Siyahı»ya düşməyən mətbu orqanlarda dərc edilməlidir.
Tələb olunan sənədlər sırasına jurnalistin əmək kitabçasının işlədiyi media orqanı tərəfindən təsdiq edilmiş surəti, şəxsi VÖEN surəti və şəxsi bank rekvizitləri daxildir. Müsabiqənin iştirakçıları müsabiqə materiallarını yazılı və elektron media orqanlarında çap olunduqdan, televiziya və radioda efirə getdikdən sonra 2011-ci il dekabrın 25-dək AHİK-in elektron ünvanına ([email protected]), yazılı mətnlər CD-də, video süjetlər isə DVD-də olmaqla AHİK-ə (Bakı, AZ1005, Gənclər meydanı, 3) təqdim etməlidirlər.

Qəzet və jurnallarda çap olunmuş yazı A-3 formatlı qəzetin bir səhifəsi (11 min çap işarəsi) həcmində, televiziya və radioda efirə gedən sujet isə 4-5 dəqiqə həcmində olmalıdır. Müsabiqəyə təqdim olunmuş məqalələr və video sujetlər AHİK-də yaradılmış münsiflər heyəti tərəfindən 2012-ci ilin yanvar ayı ərzində  qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcək. Qaliblərə diplomlar və aşağıda göstərilən miqdarda pul mükafatları təqdim olunacaq:

Birinci yer – 3 nəfər – hər biri üçün 1000 manat
İkinci yer – 8 nəfər - hər biri üçün 500 manat 
Üçüncü yer – 10 nəfər - hər biri üçün 300 manat.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi