"Ərzaq Təhlükəsizliyi Uğrunda" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Ətraf mühitin mühafizəsi: ekoloji cəhətdən sağlam və zərərsiz kənd təsərrüfatına dəstək" layihəsi üzrə "Ətraf mühitin mühafizəsində ekoloji təmiz kənd təsərrüfatının rolu və problemin həlli yolları", "Torpaqların münbitliyinin qorunmasının ətraf mühitin mühafizəsinə və kənd təsərrüfatı məhsullarının istehsalına təsiri" və "Ətraf mühitin mühafizəsi və genetik modifikasiya
olunmuş orqanizmlərdən istifadə" mövzularında Ağsu və Lerikdə fermerlər üçün semminarlar keçirib. Bu barədə Modern.az saytına Ictimai Birliyin sədri Zahid Abbasov məlumat verib. O, qeyd edib ki, fermerlər və kənd təsərrüfatı ilə məşğul olan digər işçilərlə görüşlərdə sözügedən məsələlər barədə ətraflı məlumat verilib. Ətraf mühitin mühafizəsində kənd təsərrüfatı istehsalçılarının vəzifələri izah edilib. Ətraf mühitə zərər vurmadan kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq qaydaları ilə onlar tanış edilib. Tədbirlərdə ekoloji təmiz kənd təsərrüfatının hüquqi bazası, inkişaf səviyyəsi və perspektivləri, torpaqların münbitliyinin qorunmasının ətraf mühitin mühafizəsindəki əhəmiyyəti və ərzaq təhlükəsizliyinin təmin edilməsində rolu, genetik modifikasiya olunmuş orqanizmlər və onlardan istifadənin ətraf mühitə təsiri və digər məsələlər barədə danışılıb.
Görüşlərdə hər üç mövzu ilə əlaqədar ekoloji cəhətdən sağlam və zərərsiz kənd təsərrüfatının təşkili haqqında təkliflər səsləndirilib, görüləcək işlərin istiqamətləri müəyyənləşdirilib.
İyulun 29-da isə mətbuat nümayəndələri üçün keçirilən görüşdə bu kimi məsələlər onların diqqətinə çatdırılıb. Hazırda bütün dünyada hamını narahat edən ətraf mühitin mühafizəsi və ərzaq probleminin həllini təmin edən sağlam və zərərsiz kənd təsərrüfatının təşkilinin genişləndirilməsində mətbuatın rolu müzakirə olunub. Görüşdə jurnalistlər maraqlandıqları suallara ətraflı cavab alıblar. İştirakçılar layihənin böyük maraq döğurduğunu söyləməklə yanaşı, belə görüşlərin tez- tez və daha geniş auditoriyanı əhatə edən formada keçirilməsini məqbul hesab etdiklərini söyləməklə QHT Şurasının maliyyələşdirdiyi layihələrin müasir tələblərə cavab verdiyini və onları dəstəklədiklərini bildiriblər.
Modern.az