Modern.az

Azərbaycan telekanalları TƏNQİD EDİLDİ: “Xəbəri xəbərlikdən çıxarırlar”

Azərbaycan telekanalları TƏNQİD EDİLDİ: “Xəbəri xəbərlikdən çıxarırlar”

Media

10 Mart 2018, 12:43

Hazırda bir tərəfdən kütləvi kommunikasiya vasitələrinin, digər tərəfdən cəmiyyətə ünvanlanan informasiyanın хüsusi çəkisi sürətlə artır. Elektron media, ilk növbədə, televiziya çoхşaхəli məlumat kanalına çevrilir.  Bu mənada televiziya hər bir fərdin, cəmiyyətin və dövlətin informasiya ehtiyaclarını təmin edə biləcək çevik vasitədir.

Daha doğrusu, belə olmalıdır. Xəbərlərlə yanaşı, xəbər blokları da  tamaşaçıları cəzb etmək baxımından  önəmli əhəmiyyət kəsb edir.

Lakin Azərbaycan televiziyalarında əksini müşahidə edirik. Bəs Azərbaycan televiziyalarının xəbər bloku standartlara uyğundurmu?


Media eksperti Qulu Məhərrəmli Modern.az
saytına deyib ki,  televiziyaların xəbər düzümü qənaətbəxş deyil:

“Ümumiyyətlə, məlumatlandırmaq jurnalistika işinin əlifbasıdır və televiziyalar da buna əməl etməlidir. Xəbər standartları, yayılma prinsipləri, xəbərə yanaşma, xəbərin verilmə qaydaları həm də “Teleradio yayımı haqqında” qanunda əks olunub. Amma çox təəssüf ki, bizim televiziyalar ən adi xəbər qaydalarını pozurlar. Ümumiyyətlə, televiziyalardakı bülletenlər xəbər büllenteni deyil, təbliğatdır. Yəni xəbəri xəbərlikdən çıxarırlar. Halbuki, bunun adi qaydaları var. Əlbəttə, əsas məhsul efirə çıxan xəbər bülletenidir. Onun  tərtib olunması, baş xəbərin necə seçilməsi, keçidlərin, təqdimatların müəyyənləşdirilməsi və.s  bunlar hamısı  peşənin  qaydalarıdır. Bunları bilmədikcə, xəbərləri  tamaşaçı üçün cazibədar edə bilmərik”.


Q.Məhərrəmli qeyd edib ki, televiziyalarımızda xəbər, xəbər blokunun qaydalarını bəziləri bilsə də, buna əməl etmirlər:

“Bəzilərinin isə səlahiyyətləri olsa da, qaydalara bələd deyil. Bu baxımdan hazırkı televiziya xəbərləri heç kimi cəlb etmir və insanlar daha çox sosial şəbəkələrdən xəbər axtarırlar. Xəbərlərin düzüm prinsipləri var. Yəni hansı xəbərdən hara gedirsən... Məzmun, coğrafi yaxınlığı, yoxsa başqa düzümü nəzərə alırsan... Bu məsələlər isə jurnalistika peşəsinin mətbəxidir. Bunu adətən televiziyalarda xəbərlərin tərtib qaydasını bilən çox az adam olur.

Son dövrlərdə bəzi internet televiziylarında yaxşı xəbər düzümü görə bilirəm. Ümumiyyətlə isə xəbər blokları ilə bağlı səviyyə çox aşağıdır. 10-15 il bundan əvvəlki xəbər blokunun tərtibi ilə indiki xəbər tərtibi arasında yerlə göy qədər fərq var. Əslində texnologiyanın inkişafı yeni imkanlar yaradıb. Buna baxmayaraq, xəbərdə önəmli olan məzmun və dürüstlükdür. Bunlar olmayanda xəbərlər  tamaşaçıları cəlb etmir”.

Media eksperti  Zeynal Məmmədli deyib ki, hər bir televiziyanın öz proqram siyasətinə görə bəlli standartları ola bilər:


 “Çünki hazırda rəqabət, tamaşaçı cəlb etmək üçün yarış var. Bu səbəbdən  televiziyalar fərqli düzüm və kompozisiyalardan istifadə edə bilərlər. Amma olmazsa olmazlar bir başqa şeydir. Yəni günün  ana xəbəri nədir? O ana xəbər  proqram boyunca izlənilirmi?  Əsas xəbərlə bağlı yeni təfərrüatlar xəbər proqramının gedişatında ortaya çıxarsa, bunlar necə yerini tutur? Ana xəbərin kompozisiyada öz yerini tutması  önəmlidir. Bu da xəbər düzümündə müəyyən dəyişikliklər yarada bilər. Hər bir xəbər proqramının həyəcanla izlənməsi üçün bu, vacib detallardan biridir”.


Ekspert bildirib ki, idman, hava xəbərləri blokları adətən ayrılır:

“Amma böyük hadisələr olanda düzümdə fərqliliklər müşahidə edilə bilər. Xəbər blokunda  öncə vacib xəbərlər vurğulanmalıdır. Düzümün növləri çoxdur. Məsələn, sərt düzümdə mövzu sıralaması sərt gedir. Yaxud çevik düzümdə yerlər tez-tez dəyişilə bilir. Ən önəmlidən önəmsizə doğru bir xəbər bloku qapanır, daha sonra başqa bir blok başlayır və eynilə davam edir. Eyni zamanda aralıq düzüm var və orada sərt, çevik düzümlərin elementlərindən istifadə olunur”.

Müsahibimizin fikrincə, Azərbaycan televiziyaları xəbər düzümünə ciddi diqqət ayırmır:

 “Düzümlərdə fərqli yanaşma bizim televiziyalarda hiss olunmur.  Tamaşaçını saxlamaq baxımından yarış  görə bilmirik. Yalnız ATV-nin xəbərlərində yüngül fərqlər, tamaşaçının marağına  ciddi reaksiya az-çox hiss olunur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi