Modern.az

Baş Prokurorluq: "Altı ayda törədilən cinayətin 82,2 faizi açılıb"

Baş Prokurorluq: "Altı ayda törədilən cinayətin 82,2 faizi açılıb"

29 İyul 2011, 18:34

Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2011-ci ilin birinci  yarım illiyində “Prokurorluq haqqında” qanunda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə görülən işlərin vəziyyəti və bu məsələnin bölgə yığıncaqlarında müzakirələrinin nəticələrinə həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prakurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlimata görə, əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2011-ci ilin birinci yarım ilində digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi ilə qarşılıqlı fəaliyyət nəticəsində kriminogen durumun daha da stabilləşməsinə, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinə təsir edən neqativ təzahürlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib. 

Zakir Qaralov ötən ilin hesabat dövrü ilə müqayisədə son 6 ay ərzində respublika üzrə qeydə alınan ağır və xüsusilə ağır, qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd, dələduzluq, soyğunçuluq, hədə-qorxu ilə tələb etmə cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Bundan başqa  adamların girov götürülməsi, banditizm və cinayətkar birlik yaradılması kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb. 

Hesabat dövrü ərzində törədilən 12 min 139 cinayətin 82,2 faizi açılıb. Baş prokuror korrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində “161-qaynar xətt“ əlaqə mərkəzinin yaradılmasının müstəsna əhəmiyyəti xüsusi qeyd edib. 2011-ci ilin birinci yarım ilində istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən tədbirlər də öz müsbət nəticələrini verilib. Belə ki, istintaq fəaliyyətini həyata keçirən prokurorluq, və  digər hüquq mühafizə orqanları tərəfindən  7 min 528 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, bütün istintaq orqanları üzrə müddət pozuntusu ilə istintaq edilən cinayət işləri 5,1, ziyanın real ödəmə məbləği 67,6  faizə bərabər olub.

2011-ci ilin birinci yarım ilində prokurorluq orqanları tərəfindən görülən işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov məruzə edib. Baş Prokurorluğun idarə rəisləri qarşıda duran vəzifələr və həyata keçirilən tədbirlər barədə müşavirə iştirakçılarına məlumatlar veriblər. Müşavirədə qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib, Baş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı