Bir sıra qəzetlərdə işləyən jurnalistlər “Gündəlik Azərbaycan” qəzetində işləməyə hazırlaşırlar
Bir neçə tanınmış qəzetin jurnalistləri Eynulla Fətullayevin baş redaktorluğu ilə yenidən bərpa olunacaq “Gündəlik Azərbaycan” qəzetində işləmək üçün razılıq veriblər. Modern.az-a daxil olan məlumata görə, bu sırada “Yeni Müsavat”, “Bizim Yol”, “Ayna” və bir neçə internet portalda çalışan jurnalistlər yer alıb.
“Bizim Yol” qəzetinin əməkdaşı Natiq Cavadlı artıq qəzetdən gedib. O hazırda E. Fətullayevin yeni yaratdığı İnsan Haqları İctimai Birliyində çalışır. N.Cavadlının bundan sonrakı fəaliyyətini “Gündəlik Azərbaycan” qəzetində davam etirəcəyi bildirilir.
Bundan başqa, “Yeni Müsavat” qəzetinin əməkdaşlarından bir neçə nəfərin artıq E. Fətullayevlə çalışmaq qərarı verdiyi bildirilir. Qəzetin baş redaktoru Rauf Arifoğluna həmin jurnalistlərin siyahısı təqdim edilib.
Qeyd edək ki, bu ilin may ayında həbsdən azad edilən Eynulla Fətullayevin yenidən jurnalist fəaliyyətinə qayıdacağını bildirib. Onun sözlərinə görə, beş beynəlxalq fond “Gündəlik Azərbaycan” qəzetinin bərpa olunmasına kömək göstərəcəyini vəd edib.
Qəzetin sentyabr ayından işıq üzü görəcəyi gözlənilir.
Modern.az