Modern.az

Əmək Müfəttişliyi işəgötürənlərə xəbərdarlıq edib: "+41 dərəcə istidə iş dayandırılmalıdır"

Əmək Müfəttişliyi işəgötürənlərə xəbərdarlıq edib: "+41 dərəcə istidə iş dayandırılmalıdır"

30 İyul 2011, 11:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gündüz 36-40 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın temperaturu 38-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti təşkil edəcək.
Milli Hidrometeorologiya Departamenti bir daha bəyan edib ki, avqust ayının 3-dək kəskin isti hava şəraiti davam edəcək. Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 38-40 dərəcəyə, yarımadanın bəzi yerlərində 42 dərəcəyədək yüksələcəyi, aran rayonlarında və Naxçıvan MR-da 38-42 dərəcə, bəzi yerlərdə 44 dərəcə, dağlıq rayonlarda 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir.
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, son günlər ərzində respublikada maksimal temperatur çoxillik norma ilə müqayisədə 5 dərəcəyədək yüksəkdir, Bakı və Abşeron yarımadasında 40-41, bəzi mərkəzi aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 41-42 dərəcə isti qeydə alınıb.
Qeyd edilir ki, yüzillik meteoroloji müşahidələrə görə, ölkə ərazisində ən yüksək temperatur 2000-ci ildə qeydə alınıb. Həmin il avqustun əvvəlində Naxçıvan Muxtar Respublikasında havanın temperaturu 46 dərəcə, Mərkəzi Aran rayonlarında isə 43 dərəcə olub.
Azərbaycanın coğrafi mövqeyi və iqlimi üçün yayın isti keçməsi səciyyəvidir, lakin 100 illik meteoroloji müşahidələrə görə son illər yay dövründə, xüsusən də iyul-avqust aylarında anomal isti günlərin sayı artmaqdadır, “isti dalğaların” davamiyyəti daha uzunmüddətlidir.
Nazirliyin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraiti ilə əlaqədar Bakıda və Abşeron yarımadasında yerləşən hidrometeoroloji stansiyalarda saat 11:00-dan 17:00-dək ənənəvi olan 3 saatlıq müşahidələrlə yanaşı, daha operativ iş rejiminə keçərək hər saatdan bir maksimal temperatur üzərində müşahidələr aparır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bəyan edib ki, havanın temperaturunun + 41 dərəcə selsidən yuxarı olduğu hallarda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, bütün işəgötürənlər, mülkiyyət formasından asılı olmayaraq, açıq havada və soyuducu qurğuları olmayan, örtülü yerlərdə bütün növ işləri dayandırmalı və yaxud işçilərin sərinləməsi üçün fasilələr verməlidirlər. Fasilənin sayı və müddəti işəgötürənlə Həmkarlar İttifaqının birgə qərarı əsasında müəyyən olunur. Verilmiş bütün fasilələr iş vaxtına daxil edilir və aylıq tarif maaşına hesablanır.

Əmək Məcəlləsindən irəli gələn müvafiq tələblərin yerinə yetirilməməsinə görə işəgötürənlər İnzibati Xətalar Məcəlləsi (İXM) ilə məsuliyyətə cəlb olunurlar. Belə ki, işçilərin əməyinin mühafizəsi qaydalarının pozulmasına görə, işəgötürənlərin İXM-nin 54-cü maddəsi ilə 1000 manatdan 2000 manata qədər cərimə olunması nəzərdə tutulur.

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hazırda respublikanın bütün regionları, xüsusən aran zonaları üzrə bu sahədə vəziyyətə dövlət nəzarətini təmin etmək üçün xüsusi qruplar yaradılıb və həmin qruplar fəaliyyətini davam etdirirlər. Xidmət bütün işəgötürənlərə müraciət edərək, qeyd olunan tələblərin yerinə yetirilməsini təmin etməyə çağırır.

Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, son 10-15 il ərzində dünyada baş verən iqlim dəyişmələri nəticəsində qlobal miqyasda temperaturun artması müşahidə olunmaqdadır. Bütün instrumental müşahidələrə görə bu dövr ən isti dövr kimi qiymətləndirilib.
İsti hava kütlələri atmosferin müxtəlif qatları üzrə müşahidə olunmaqdadır. EUMETSAT peyk sistemi vasitəsi ilə alınan məlumatlar qızmar hava kütlələrinin böyük ərazini, Mərkəzi Rusiyanı da əhatə etdiyini təsdiqləyir. Bu səbəbdən yaxın günlər ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Yer səthində nisbətən alçaq təzyiq sahəsi fonunda küləksiz havada durğunluq yaranır, havada olan oksigenin miqdarı bir qədər azalır. Bununla yanaşı, nisbi rütubət, xüsusən də axşam saatlarında normadan bir qədər yüksək olur. Həmin bu amillərin vəhdəti təbii ki, insanlarda, xüsusən də meteohəssas insanlarda narahatlıq hissi yaradır.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı