Modern.az

Məktəb tikintisi Təhsil Nazirliyindən alındı

Məktəb tikintisi Təhsil Nazirliyindən alındı

Təhsil

30 İyul 2011, 13:14


Modern.az sayt
ına daxil olan məlumata görə, Baş prokurorluq və Maliyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində Təhsil Nazirliyinin tabeliyindəki idarədə qanunsuzluqlar aşkarlanıb. Söhbət Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsindən gedir.
Bizə verilən məlumatda o da bildirilir ki, Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsi bundan sonra tikinti-təmir işlərilə məşğul ola bilməyəcək. Yəni bu səlahiyyətin birdəfəlik olaraq idarədən alındığı qeyd edilir.

Saytımıza verilən məlumata görə, Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinin rəisi Allahverdi Dəmirov həbs edilib. Qeyd edilir ki, bu, Baş prokurorluq və Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamaların onun rəhbərlik etdiyi idarədə qanun pozuntuları üzə çıxarmasından sonra baş verib.

Modern.az-ın əməkdaşı dünən bu məlumata Təhsil Nazirliyinin müvafiq rəsmi şəxslərindən münasibət öyrənmək istəsə də, heç bir cavab ala bilməyib.

Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinin əsas vəzifələri təhsil müəssisələrində monitorinq aparmaq, yeni məktəb və əlavə korpus tikintisinə, bərpa-gücləndirmə və əsaslı təmir işlərinə ehtiyacı müəyyənləşdirərək təkliflər hazırlayıb müvafiq qurumlara təqdim etmək, tikinti işlərinin layihə-smeta sənədlərinə uyğun aparılmasına texniki nəzarəti həyat keçirmək, tikintinin layihə işlərini maliyyələşdirmək, yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyərinin ödənilməsini təmin etməkdən ibarətdir.

Təhsil Nazirliyinin bu ilin əvvəlində açıqladığı məlumat görə, 2010-cu ildə  Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsi tərəfindən 27 yeni məktəb, 1 məktəbdə 840 şagird yerlik əlavə korpus tikilib istifadəyə verilib, 7 tədris müəssisəsində bərpa-gücləndirmə və əsaslı təmir işləri aparılıb. 2010-cu ildə ümumtəhsil məktəblərinin və uşaq bağçalarının təmiri və yenidənqurulması işləri üçün 20,65 milyon manat vəsait ayrıldığı, 388 obyekt, o cümlədən 356 məktəb və 32 uşaq bağçasının təmir edildiyi bildirilib.

Qeyd edək ki, Baş Prokurorluq bu yaxınlarda məktəblərin tikintisi zamanı yol verilmiş qanun pozuntuları ilə əlaqədar aparılmış araşdırmalar nəticəsi barədə rəsmi məlumat açıqlayıb. Bildirilib ki, Baş prokurorluq və Maliyyə Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsində yerləşən 85 nömrəli və Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli orta məktəblərin əsaslı  tikintisi zamanı ciddi qanun pozuntularına yol verilməsi faktları müəyyən edilib. Müəyyən edilib ki, tikintisinin smeta dəyəri 341.965 manat olan 85 saylı məktəbdə "Azərbərpa" MMC-nin vəzifəli və maddi məsul şəxsləri tərəfindən iş həcmi 35.261 manat şişirdildilib, 11.666 manat iş isə faktiki yerinə yetirilməyərək dövlət vəsaiti mənimsənilib.

849.821 manat smeta dəyəri olan 123 saylı məktəbdə "Ramil" müəssisəsinin vəzifəli və maddi şəxsləri tərəfindən  iş həcminin  50.359 manat şişirdildiyi, 28.793 manat məbləğində işin  isə ümumiyyətlə görülməyərərk dövlət əmlakının mənimsənildiyi aşkar edilib.

“Layihə-smeta sənədlərindən kənarlaşmalara, keyfiyyətsiz işlər görülməsinə və bu kimi digər qanun pozuntularına baxmayaraq  qeyd olunan məktəb binaları Təhsil Nazirliyinin  müvafiq komissiyası tərəfindən qəbul olunmaqla istismara verilib”-deyə Baş Prokurorluq bildirib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə  idarəsi tərəfindən qeyd olunan məktəblərdə əsaslı tikinti işlərini həyata keçirmiş "Azərbərpa"MMC və "Ramil" firmasının vəzifəli şəxsləri barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və  küllü miqdarda özgə əmlakını mənimsəməyə görə Cinayət Məcəlləsinin 308.1 və 179.3.2-ci maddələri ilə  bağlı cinayət işi başlanıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR