Bu gün Milli Məclisin deputatı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun ad günüdür, 0, 51 yaşını tamam edib.
Modern.az saytının məlumatına görə, Arif Nizam oğlu Alışanov 30 iyul 1960-cı ildə Bakı şəhərində anadan olub. 45 saylı orta məktəbdə və D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu, iqtisadiyyat və təsərrüfat fəaliyyətinin analizi fakültəsində təhsil alıb.
1984-cü ildə iqtisadçı ixtisasına yiyələnib. Sonrakı dövrdə Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu, Bakı Ali Partiya Məktəbinin ideoloji kadrlar fakültəsini bitirib. A.Alışanov ali təhsil almaqla yanaşı, 1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb. Ordu sıralarında hərbi xidmət keçdikdən sonra yenidən AzTV-də əmək fəaliyyətini davam etdirib.
O, 1981-ci ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində çalışıb. 17 may 2001-ci ildən həmin birliyin direktoru vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib.
28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə «Azərbaycan Teleradio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub. A.Alışanov iqtisad elmləri namizədidir. Evlidir, 3 övladı var.
Arif Alışanov 2010-cu ilin noyabrında keçirilən parlament seçkisində 45 saylı Abşeron seçki dairəsindən Milli Məclisə deputat seçilib. Parlamentdə bitərəf kimi əyləşən deputat İqtisadi siyasət komitəsinin üzvüdür.
Modern.az