Modern.az

Media sistemində səhmləşmə aparmaq mümkündürmü?

Media sistemində səhmləşmə aparmaq mümkündürmü?

31 İyul 2011, 11:50

Amerikalı jurnalist Coan M. Lisoskinin maraqlı bir fikrini xatırlayıram. O, bildirdi ki, “ABŞ-da  jurnalist  tədqiqatları  zamanı hər  hansı məmurun adını  mənfi işinə görə hallandırmaq, onu  utandırmaq  çox ciddi məsələ sayılır.  Və bu ad çəkmək dərhal ictimai rəydə  böyük reaksiya doğurur”. Deyəsən, açıq-saçıq Amerika cəmiyyətində  kimlərisə utandırmaq  qəliz deyil. Görünür bu da  medianın cəmiyyətdəki nüfuzu ilə bağlıdır. Axı hər hansı səbəbdən gücdən düşən media kimi utandıra bilər?  Əsas mətləbə  keçək.

Bu gün bizim istəyimizdən asılı olmayaraq internetin belə sürətli inkişafı çap mətbuatını gücdən  salmaqla bərabər getdikcə bu sahənin  sıradan çıxarmaqda  davam edir. Lakin indiki dövrdə   bəzi  məqamları nəzərə alaraq çap mətbuatını  qoruyub saxlamaq lazımdır.

Azərbaycanda bu qədər qəzetin qeydiyyatdan keçməsinin   özü müasir jurnalistikamız üçün normal hal deyil. Təbii ki, heç kimə qadağa qoymaq olmaz  sən qəzet təsis etmə, sən yazı yazma. Bunu ancaq azad rəqabət şəraitində  bazar müəyyən edər. Ancaq  hər bir iş müəyyən bir əndazəyə, praqmatik reallıqlara uyğun olmalıdır. Artıq  bu iş əndazəni çoxdan keçib. Ümumiyyətlə, belə şəraitdə normal qəzetçiliklə məşğul olmaq istəyən mətbuatın öz bazarını müəyyənləşdirməsi qəliz məsələdir. Bu hal nəinki bazar iqtisadiyyatının tələblərinə, heç elementar qəzet biznesinin prinsiplərinə də cavab vermir. Həmin problemi yaradan kifayət qədər səbəblər var.

Lakin Azərbaycan  jurnalistikasındakı bu proseslər çarəsiz xəstəlik deyil ki, bunu müalicə etmək  mümkün olmasın.  Burada variantlar, təkliflər, proqramlar çox ola bilər. Mənim fikrimcə,  isə qəzetlərin birləşməsi, səhmdar cəmiyyətlərə çevrilməsi optimal variantlardan biridir. Baxmayaraq ki, indi ki, vaxtda bu təklif o qədərdə real görsənmir.

Düzdür  bunun üçün tələbat, sosial sifariş gərəkdir. Bu gün o zərurətin olub-olmadığını ictimai rəyi tam öyrəndikdən sonra demək olar. Qəzetlərin holdinqlərə, şirkətlərə çevrilməsi ilə bağlı fikirlər  mütəmadi olaraq səslənib.  Qiymətli kağızlar bazarının formalaşması və davamlı inkişafı, yəni medianın səhmləşməsi üşün Azərbaycanın hüquq sistemində bir sıra dəyişikliklər aparılmalıdır.

 KİV haqqında qanunda, eləcə də televiziya və radio yayımı haqqında qanunda səhmləri xarici investorlara satmaqla bağlı məhdudiyyət var. Azərbaycan qanunvericiliyi kütləvi informasiya vasitəsi üzərindəki sahibliyinin 30 fazindən artığının xarici hüquqi və fiziki şəxslərə satılmasına imkan vermir. Deməli, qanunlarda bəzi dəyişikliklərin edilməsinə ehtiyac var.

Bu prosesin yəni səhmləşmənin ictimailəşməsi ilə bağlı bəzi addımların atılması mümkündür.

 Real addımlarla bağlı onu qeyd etmək olar ki, birinci mərhələdə  xarici ölkələrdən tanınmış ekspertləri Azərbaycana dəvət edərək media ictimaiyyətinin iştirakı ilə müzakirələr təşkil etmək mümkündür. Belə polemikalar, görüşlər hər halda effektsiz ötüşməz. Artıq növbəti  mərhələlərdə, yetərincə ictimai dəstək qazandıqdan sonra  səhmləşmə haqqında konkret iş görmək olar.

Qəzetlərin birləşməsi,  yerli və xarici kapitalın bu sahəyə şəffaf  şəkildə  cəlb olunması  səmərəli bir proses ola bilər. Bəs qəzetlər necə birləşsin,  hörmətli baş redaktorlar  necə öz kreslolarından əl çəksinlər?  Burada səmimi istəklə bərabər düşünülmüş proqram  olmalıdır. İdeoloji  cəhətdən uyğun gələn,  prinsiplərində oxşarlıq olan və müstəqil  mövqeydə duran azdan-çoxdan ictimai  rəyə təsir edən bir sıra qəzetlərin  müxtəlif səhmdar cəmiyyətlərdə birləşməsi, səhmlərə sahib çıxması gələcəkdə  mümkün ola bilər.

Müxtəlif vaxtlarda  satışı qaldırmaq üçün bəzi qəzet redaktorları  bir sıra cəhdlər göstərdilər.  Kosmetik dəyişikliklər, rəngli çap  mətbuatının cazıbədarlığının artırılması, marketinq işinin  yenilənməsi ciddi  effekt vermədi.

Hazırda Azərbaycanda çap olunan gündəlik qəzetlərin satışı ən azı on min nüsxədən artıq olmalıdır ki, bu mətbu orqanı qismən rentabelli işləyə bilsin. Bir neçə qəzeti çıxmaq şərtilə qalanlarının tirajı iki-üç min arasında göstərilir. Qəzetlərin satış göstəricələri çox aşağıdır.

 Mənə belə gəlir ki, qəzet rəhbərlərinin özləri səmimi bir təşəbbüslə çıxış edib bir neçə media quruluşunun birləşməsi, səhmdar cəmiyyətlərə çevrilməsi məsələsini ən azından müzakirəyə çıxarmalıdırlar.

Medianın səhmləşməsi  jurnalistikanın təmərküzləşməsinə, daha sivil idarə edilməsinə gətirib çıxara bilər. Şübhəsiz ki, bu islahatlar birdən-birə hər şeyin əla olacağı demək deyil. Doğrudanda medianı daha  güclü, iqtisadi cəhətdən müstəqil  görmək istəyiriksə bu addımların nə zamansa atılmasına ehtiyac var. Digər tərəfdən medianın sivil bazar elementləri ilə idarə edilməsi bu sahənin güclənməsinə təkan verər.

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi