Modern.az

"Azadlıq" və "Yeni Müsavat" Əflatun Amaşova cavab verdi

"Azadlıq" və "Yeni Müsavat" Əflatun Amaşova cavab verdi

31 İyul 2011, 12:01

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iki gün öncə «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin rəhbərliyinə müraciət edib.

Modern.az-ın məlumatına görə, müraciətdə göstərilir ki, son vaxtlar həmin mətbu nəşrlərdə yazıçı Şamo Arifə istinadən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və onun valideynləri ilə bağlı materiallar dərc olunmaqdadır: «Bu materiallarda etik çərçivədən kənara çıxan məqamların üstünlük təşkil etməsi heç də birmənalı qarşılanmır. Söhbət Azərbaycan ədəbiyyatının, ictimai fikrinin inkişafında xidmətləri olan şəxslər barədə nalayiq fikir və ifadələrin ictimayiləşməsindən getdiyindən məsələ narahatlıq və narazılıq doğurur».

MŞ sədri müraciətdə eyni zamanda bildirilib ki, tarixi yaşantılarda, ədəbi-bədii proseslərin bir əsrə yaxın məqamlarında baş verən hadisələrin heç də hamısı özəlliklərinə görə qabardılmalı mövzular deyil. «Bunların ölçülüb-biçilmədən təqdimatından, bəzən şəxsi münasibətlər fonunda ikrah doğuran şəkildə qabardılmasından tərəflərlərdən çox cəmiyyət itirir», - deyə vurğulanıb.

Şura sədri müraciətində həmçinin sözügedən KİV-lərə fəaliyyətlərində cəmiyyət qarşısındakı öhdəliklərinə zidd hallara yol verməməyi, diqqətli olmağı, hadisə və proseslərə həssas yanaşmağı tövsiyyə edib.

“Azadlıq” qəzetinin redaksiyası Ə.Amaşova cavab verib. Redaksiya bəyan edib ki, Mətbuat Şurasının narahatlığını və həssaslığını başa düşür və bu mövqeyə hörmətlə yanaşır.
”Sözügedən polemikada bizi də narahat edən məqamlar var. Bununla belə, onu da qeyd edirik ki, bu polemikada iştirak edənlər cəmiyyətdə kifayət qədər ciddi qəbul edilən və dedikləri sözün məsuliyyətini kifayət qədər yaxşı başa düşən şəxslərdir. Bu mənada Mətbuat Şurasının bizə ünvanlanan iradlarını yersiz sayırıq. Hesab edirik ki, Mətbuat Şurası ünvanı düzgün seçməyib.
İradlar “Azadlıq”a yox, bu polemikada çəkişən tərəflərə ünvanlansa, daha doğru olar, özü də birtərəfli qaydada yox. Çünki Mətbuat Şurasını narahat edən məqamlar hər iki tərəfin mətbuata təqdim etdiyi məqalələrdə var”-deyə “Azadlıq” bildirib.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib ki, Mətbuat Şurası yaxşı olardı ki, yazıçı Şamo Arifin özünə müraciət edəydi: “Çünki biz özümüzdən heç nə yazmırıq. Tərəflər bir-birinə nə yazırsa, onları dərc edirik”.
Baş redaktor deyib ki, ölkə ictimaiyyətinin gözü qarşısında Azərbaycanın iki tanınmış ziyalısı söz duelinə çıxıb: “Onların bir-birini təhqir etməsi, əlbəttə ki, üzücü prosesdir. Lakin olduqca maraqlıdır. Bu səbəbdən də özünə tribuna tapır. Lakin Mətbuat Şurası prinsip etibarilə haqlıdır. O, yazıçı Anarı ciddi bir şər-şəbədədən müdafiə cəhdi edib. Lakin bu cəhd olduqca cəsarətsiz ifadə olunub”.

“Anar bir türk milliyyətçisidir. Mənim dilimin, ölkəmin və millətimin var olması, inkişafı və böyüməsi üçün çox işlər görüb. Şamo müəllim də milliyyətçidir. Lakin o, bir kürd milliyyətçisidir. Uzun illərdir ki, şüurlu şəkildə, bacardığı qədər kürdçülüyü təbliğ edir; bəzən Azərbaycanı və türk millətini kiçik düşürmək bahasına olsa da hətta bir çox hallarda tariximizi xəncərləyərək öz fəaliyyətini sürdürür. Hörmətli Şamo Arifin tarixi-mədəni-siyasi iddiaları ilə tanışam. Bir zamanlar söhbətimiz və mübahisəmiz olub. Onun bu iddiaları və ümumiyyətlə bütün fəaliyyəti mahiyyətcə anti-Azərbaycan və anti-türkdür. O, Azərbaycanın, yerli türklərin nəyi varsa - tarixində və indisində - az qala hamısını kürdləşdirmək kimi bir ağlasığmaz xəttin tərəfdarıdır. Bu baxımdan Şamo Arifin bütün fəaliyyəti, yaradıcılığı prinsipcə Anarın bir hekayəsi qədər faydalı deyil, ola bilməz. Konkret mövzuya gəlincə isə hesab edirəm ki, qəzetlərdə suç yoxdu. Suç Mətbuat Şurası da daxil olmaqla, cəmiyyət təsisatlarında, milli ziyalılarımızdadır ki, hər şeyimizə iddia cəsarəti göstərən, bizi bacardığı qədər inkar edən birisinin şər makinasına vaxtında cəsarətli cavab verməyiblər”-deyə R.Arifoğlu bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi