Bu yaxınlarda “2018-2025-ci illər” üzrə qida təhlükəsizliyi sahəsində Dövlət Proqramı qəbul olunacaq. Hazırda qida təhlükəsiziliyi ilə bağlı qanun üzərində işlər gedir.
Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, həmin proqrama əsasən Azərbaycanda qida təhlükəsizliyi üzrə Strateji Yol Xəritəsi müəyyənləşdiriləcək. Həmin sənəddə mediaya da önəmli yer veriləcək.
Küçələrdə, yol kənarlarında səhər saatlarında iri və xırda buynuzlu heyvanların kəsimi məsələsinə toxunan Q.Təhməzli deyib ki, buna ciddi nəzarət həyata keçirilməlidir: “Bəzi insanlar elə düşünürlər ki, hansısa heyvanın göz önündə kəsilməsi onun sağlamlığından xəbər verir. Bu, tamamilə yanlış düşüncədir. Heyvan mənşəli qidalar üçün mütləq şəkildə ekspertiza rəyi lazımdır. Yaxın gələcəkdə tez xarab olan məhsulların çatdırılması və qidalanma, eləcə də digər vacib məsələlərlə bağlı standartlar müəyyənləşdiriləcək".
Agentliyin sədri əlavə edib ki, istehsal müəssisələri qida təhlükəsizliyi üzrə qeydiyyatından keçəcək, onlar üçün standartlar müəyyənləşəcək. “Onlar sadəcə ixrac etdikləri məhsulların qida təhlükəsizliyi sertifikatlarını alacaq, idxalçı dövlətlərin tələblərinə uyğun müvafiq sertifikatlarla təmin olunacaqlar”,- deyə Q.Təhməzli vurğulayıb.
Qida Təhlükəsizliyi Agentliyinin sədri qurumun bəzi qida məhsullarına halallıq sertifikatlarının verilməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
Agentliyin sədri Qoşqar Təhməzli bu fikirlərin sahibkarlar və əhali arasında yalnış təəssürat yaratdığını deyib.
Onun sözlərinə görə, halallıq göstəricisinin alınması könüllülük əsasında formalaşır: "Çünki halallıq göstəricisi və halal standartın olması təhlükəsizlik göstəricisi deyil. Agentliyimiz də bu sertifikatı vermək hüququna malik deyil".
Agentlik sədri vurğulayıb ki, istənilən sahibkar öz istəyi ilə istənilən sertifikatlaşma qurumuna müraciət edərək oradan bu sertifikatı alaraq “halal” məhsullar istehsal edə bilər. İstehsal edilən çeşidə görə sertifikasiya olunmayacaq. Çünki bu, sahibkarın fəaliyyətinə maneçilik törətməkdən başqa bir şey deyil.