Rusiyanın məşhur kino aktyoru, keçmiş SSRİ-nin xalq artisti Oleq Tabakov bu gün dəfn olunub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Moskva Bədii Teatrında keçirilən vida mərasimində Rusiya prezidenti Vladimir Putin, dövlət və hökumət rəsmiləri, məşhur mədəniyyət xadimləri iştirak ediblər.
Vida mərasimindən sonra aktyor Moskvada Novodeviçye qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, aktyor martın 13-də uzun sürən xəstəlikdən sonra vəfat edib.
Oleq Tabakov 1935-ci ildə Saratovda doğulub. Orta məktəbi bitirdikdən sonra Moskva Bədii Teatrı nəzdindəki studiya-məktəbdə təhsil alıb. O, aktyorluqdan əlavə, rejissor və pedaqoq da olub. O. Tabakovun çəkildiyi əksər filmlər sovet kinematoqrafiyasının klassikasına çevrilib. Bu sırada "Baharın 17 anı", "Müharibə və sülh", "D'Artanyan və 3 muşketyor", "Oblomovun həyatından bir neçə gün" və digər filmləri qeyd etmək olar. O. Tabakov Çexov adına Moskva Bədii Teatrının direktoru idi.