Modern.az

“Bu məsuliyyət Prezidentin ətrafında birləşib müharibəyə hazır olmaqdır”

“Bu məsuliyyət Prezidentin ətrafında birləşib müharibəyə hazır olmaqdır”

Təhsil

2 Avqust 2011, 11:07

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı  Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “VƏTƏN BİZİM AND YERİMİZ” gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması layihəsi çərçivəsində növbəti tədbirini Ağcabədididə Taxtakörpü qəsəbəsindəki Laçın rayon Mədəniyyət evində laşınlı məcburi köçkünlərlə keçirib.
Şəhidlərin ruhunun 1 dəqiqəlik sükutuyla açılan tədbirdə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov həyata keçirilən layihənin mahiyyətindən danışaraq qeyd edib ki, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı 2011-ci ili öz fəaliyyətinin əsas istiqaməti kimi “Milli Qəhrəman Mübariz İbrahimov ili” elan edib və bu istiqamətdə bölgələrdə hərbi-vətənpərvərlik tədbirləri həyata keçirir.

“Torpaqlarımızın 20%-dən çoxunu işğal etmiş, 1 milyondan çox həmvətənlərimizi öz doğma torpaqlarından  zorla çıxararaq qaçqın və məcburi köçkünə çevirmiş Ermənistan hələ də beynəlxalq hüquq normalarına əhəmiyyət vermədən Azərbaycan torpaqlarını boşaltmaq istəmir. Bu münaqişənin həlli məqsədilə yaradılan ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlər isə hər vəchlə Azərbaycanı təslimçi sülhə razı salmağa çalışmaqla Azərbaycan ərazisində 2-ci erməni dövlətinin yaradılmasına nail olmağa çalışırlar. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması ilə bağlı BMT-nin qəbul etdiyi 4 Qətnamənin yerinə yetirilməməsi, bu istiqamətdə heç bir tədbirlərin görülməməsi Azərbaycana qarşı 2-li standartlardan xəbər verir. Bu da onu deməyə əsas verir ki, beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğaldan azad ounmasını istəmir və bu münaqişəni uzatmaqla Azərbaycan torpaqlarını Ermənistana hədiyyə verməyə çalışırlar. Bu baxımdan gənclərimizin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməklə hər an müharibəyə hazır olmaqdır”-deyə V.Qədirov bildirib.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün bir çox beynəlxalq təşkilatların məsləhətlərinə və təzyiqlərinə əhəmiyyətin tamamilə azaldığını, son sözün  Qüdrətli Azərbaycan Ordusunun deyəcəyini bildirən Vüqar Qədirov laçınlı gənclərin torpaqlarımızın işğaldan azad olunmasında xüsusi xidmətləri olacağını əminliklə bildirib. Qeyd etdi ki, 20-ci əsrin əvvəllərində Andranikin erməni daşnak qoşununu darmadağın edən Sultan Bəyin nəvələri Laçını erməni işğalında qoymayacaqlar.

Tədbirdə çıxış edən digər gənclər bu istiqamətdə həyata keçirilən tədbirlərin gənclərin hərbi-vətənpərvərlik puhunda tərbiyəsində və dünya görüşlərinin formalaşmasında boyük rol oynadıqlarını qeyd ediblər.

Tədbir iştirakçılarına papkalar, marifləndirici materiallar - Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan bukletlər paylanıb.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR