Asif Atanın davamçıları İnam Evində kutsal «Ata Evini Ziyarət Günü» mərasimi keçiriblər. Bu Modern.az-a haqda Asif Atanın Mütləqə İnam Ocağının yükümlüsü İşıqlı Atalı bildirib.
Mərasimdə ocaqçılar və Ocaq dostu olan Azərbaycan aydınları iştirak ediblər.
Öncə Mütləqə İnam Ocağının ruhani başçısı Safruhun sözü dinlənilib: «Vaxtilə Ata bu gündə Ocaq ailələrini evində qəbul edir, müqəddəs söz deyirdi. Bu günün sadəcə adının yaşadılması böyük bir hünərdir. Adın yaşadılması ad yiyəsinin, onun ideyasının, diləklərinin yaşadılmasıdır. Mütləqə İnam dünyabaxışının yaradıcısı İnam Atanın həyata gətirmək istədiyi ideya gündəmdədir. Onu xalqın içində yayan, yaşadan insanlar var. Başqaları da ömürlərini ona verəcəklər».
O, Ocağın ruhani ibadətlərinin məzmununu açıb: «İnsanlar sürətlə insan kimi yaşamağın niyəsini itirirlər. Atanın Mütləqə İnamı insanın yaşaması üçün «niyə?» sualını irəli sürür. Olduqca çətin işdir. Bunu sadə, aydın şəkildə adamlara deyirik».
İşıqlı Atalı isə Asif Ata Ocağının birxətliyini təmin edən prinsiplər haqqında danışıb: «Atadan sonra ruhani başçı Safruh Ataya mütləq səcdəli halıyla Ocaq xəttinin yenilməzliyini təsdiq edir. Zaman-zaman Ocaqdan gedənlərin qətiyyən Ocağa aidiyyəti yoxdur. İnam Evi bu xəttin canlı təsdiqi olmaqla Ocağın ruhani mərkəzidir. Xalqımızın Ocağın istədiyi səviyyədə mütləq var olmasını istəyirik».
Professor Nizami Tağısoy Asif Ata ideyalarının addım-addım gerçəkləşməsini ciddi hadisə adlandırıb. Ocaq dostu Yusif Dirili Atayla bağlı xatirəsini danışıb, Yaşar Türkazər Ocaq yerişlərinin xalqı yaradacağına əminliyini bildirib.
Rafiq Turabxanoğlu Asif Atanın Azərbaycan ictimai fikrindəki əvəzsiz rolundan söz açıb.
«Ümid» Ocaq Ailəsinin yükümlüsü Yolruh Atalı deyib ki, Ocağın qurulmasında və yaşadılmasında Asif Atadan sonra ən böyük zəhməti Safruh çəkib.
“İndi o, Ocağımızın ruhani başçısı olaraq Ata işinin başında ləyaqətlə dayanır».
Yazıçı-publisist Əlisahib Əroğul, tanınmış xəttat Seyfədin Mənsimoğlu Ocağa sevgisini bildirib. Gənc yazar Dilqəm Əhməd, şair Ayaz İmranoğlu, xanəndə Etibar Rəhimov, rəssamlar Əzizbala Dadaşov, Elnur Rəsulov İnam Evinə olan sayğılarını dilə gətiriblər. Sonda ruhani başçı evladlıq nişanələrini yol sözüylə evladlara təqdim edib.
Bayraq qarşısında xatirə şəkilləri çəkilib, çay süfrəsi ətrafında doğmalaşma söhbətləri olub.