Bu gün Beynəlxalq Mətbuat Mərkəzində tarixçi Nəsiman Yaqublunun “Kaspi” qəzetinin yaranması və tarixinə dair yazdığı kitabın təqdimat mərasimi keçirilib.
Kitabda ötən əsrin əvvəllərində dərc olunan “Kaspi”də çalışmış ziyalılar barədə geniş məlumat verilib. Müəllif eyni zamanda bu gün nəşrini davam etdirən “Kaspi” haqqında da kitaba ətraflı məlumat daxil edib.
Nəsiman Yaqublu kitabın ərsəyə gəlməsinə görə, indiki “Kaspi”nin təsisçisi Sona Vəliyevaya, BDU-nun professoru Şirməmməd Hüseynova, arxiv işçilərinə təşəkkürünü bildirib. Deyib ki, “Kaspi” qəzetinin 130 illiyinə həsr olunan kitab 2 ay müddətində hazırlanıb.
N.Yaqublu bildirib ki, ötən əsrin əvvəllərində dərc olunan “Kaspi”nin maraqlı rubrikaları olub. Müəllifin sözlərinə görə, “Kaspi”nin o zamanki həm redaktoru, həm də naşiri Əlimərdan bəy Topçubaşov onu Ümumrusiya müsəlmanlarının qəzeti edə bilib.
Kitabın üz qabığında ötən əsrin əvvəlində çıxan “Kaspi”nin kollektivinin, son qabığında isə müasir “Kaspi”nin kollektivinin şəkli verilib.
Mərasimdə çıxış edən “Kaspi”nin baş redaktoru Natiq Məmmədli bu nəşrin 130 illiyi ilə bağlı görülən işlərdən danışıb.
Qəzetin təsisçisi Sona Vəliyeva isə deyib ki, müasir “Kaspi” 13 ildi nəşr olunur və bu müddətdə uğurlara imza ata bilib. O, “Kaspi”nin təşəbbüsü ilə bir neçə ay öncə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr oetdiyi yazı müsabiqəsindən də söz açıb. Deyib ki, müsabiqəyə daha çox yazının təqdim ediləcəyini gözləyirmiş.
Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, “Kaspi” qəzeti hadisələrə yanaşmada daha çox araşdırmalara üstünlük verir ki, bu da təqdirəlayiq haldır.
Modern.az