Azərbaycanın Avropa enerji siyasətinə daxil edilməsi yönündə aparılan proses zamanı qalmaqalın qaldırılması birmənalı qarşılana bilməz
Azərbaycan hərbi rəhbərliyinin əleyhinə bir müddətdir ki, davam edən “kompromat müharibəsi” özünü bir sıra məqamları ilə təhlükəli məqamları göstərir. İlk olaraq qeyd edək ki, bu savaşın etnik kozurla aparılması məharətlə düşünlmüş xətt olmaqla yanaşı, həm də ölkənin təhlükəsizliyinə təhdid doğuran elementləri də daşıyır.
Azərbaycan ordusu son 20 ildə Qarabağ uğrunda döyüşə atılan könüllü dəstələrdən başlayaraq nizami ordu səviyyəsinə qədər son dərəcə mürəkkəb yol keçib. Ordu müxtəlif vaxtlarda tərəf kimi ölkəni bürümüş siyasi böhranlara cəlb olunub və bir sıra hallarda böhranı idarə edən amilə çevrilib. 90-cı illərin əvvələrində Azərbaycan siyasi rəhbərliyinin ciddi səhvləri nəticəsində ordunun yaradılmasında xeyli problemlər müşahidə olunub. 1991-ci ildə Prezident Ayaz Mütəllibovun bütün tələblərə rəğmən Milli Ordu deyil, Milli Qvardiya yaratmaq cəhdinin kökündə bir yandan SSRİ rəhbərliyi qarşısında qorxu hissi dururdusa, digər tərəfdən ordunun bir amil kimi siyasi proseslərdə ona qarşı istifadə edilməsi təhlükəsi gizlənirdi.
“Ordunun siyasiləşməsi” tendensiyası bütün 90-cı illərin birinci yarısına qədərki Azərbaycan ictimai həyatına müncər edilmiş bir faktor oldu. Bu illərdə hərbi elitanın müstəqil Azərbaycanın iki hakimiyyəti ilə apardığı rəqabət özünün fəsadlarını da verdi. AXC hakimiyyəti ilə polkovnik Surət Hüseynovun qarşıdurması ikincinin süqutu ilə nəticələnsə də, mərhum Heydər Əliyev ordunun siyasət aləti kimi istifadə olunması cəhdlərinin qarşısını ala bildi. 1995-ci ildə sonuncu mart qiyamının yatırılmasından sonra hərbi elita arxa plana keçdi.
Son 16 il ərzində ordu rəhbərliyi daxilindəki intriqalar daha çox lokal xarakter daşıyıb. Yəni ayrı-ayrı hərbi vəzifə tutan şəxslər barədə mediaya sızdırılan məlumatlar ciddi şəkildə təpki ilə qarşılanıb və ictimai dəstək qazanmayıb. Yalnız bir məsələdə vətəndaşların təsir imkanlarını müəyyən etmək olub. Bu hərbi hissələrdə əsgər ölümləri ilə bağlı olub.
Hazırda KİV-də Müdafiə Nazirliyinin rəhbərləri barədə aparılan kompromat savaşı tamam fərqli bir tezis üzərindən başlanıb. Özü də təlükəli tezislərdən. Orduda etnik xalqların nümayəndələrinin türklərin mövqeyini üstələməsi kimi tezis üzərində qurulan kompromat savaşı əslində uzağa gedən nəticələrə hesablanıb. İndiyə qədər orduda etnik məsələ ilə bağlı qalmaqal belə açıq şəkildə ifadə olunmamışdı. Odur ki, burada müxtəlif rakruslardan baxaraq bəzi məsələləri müqayisə etmək imkanı yaranır.
MN-də Səfər Əbiyevlə baş qərargah rəisi Nəcməddin Sadıqov arasında münasibətlərin pis olması barədə deyilənlər bu kompromatların əsas qayəsini təşkil edir. Yəni savaşı təhlil edən ekspertlər hesab edirlər ki, müdafiə naziri Səfər Əbiyevi “vurmaq” üçün bu “müharibə” başlanıb. Lakin əgər bu həqiqətdirsə, o zaman bu savaşa mövqeyinin sarsılmasından qəzəblənən bir qrupun revanşı kimi baxmaq düzgün olmazdı.
İkincisi “etnik kart”la oynamaq bu gün istənilən ictimai yükü olan şəxs üçün böyük risk sayılır. Ən azından bu kartla oynamaq üçün geopolitik maraqları üst-üstə düşən böyük dövlətlərin ciddi dəstəyini almaq lazımdır.
Hər şeydən göründüyü kimi “etnik kart”la çıxış edənlər “bir güllə ilə iki dövşan” vurmaq istəyirlər. Çünki orduda “türklər” adı ilə çıxış edən tərəf bununla çox effektli şəkildə bumeranq effekti yaradan yaxşı planlaşdırılmış oyun nümayiş etdirirlər. Məlumdur ki, belə ittihamlardan sonra Azərbaycan ordusunda xidmət edən digər xalqların nümayəndələrində qıcıq yaratmaq və sonrakı proseslər üçün vəsilə hazırlamaq mümkündür.
Odur ki, bu kampaniyanı araşdırmaq üçün təcili olaraq ali hakimiyyətin müdaxiləsinə ehtiyac yaranıb. Məsələni araşdırmaq və irəli sürülən ittihamları yoxlamaq üçün addımlar atılması vacibdir.
Digər tərəfdən hərbi elitanı parçalamaq üçün istifadə edilən “etnik kart”ın “ideyavericiləri”nin üzə çıxarılması üçün iş aparılmalıdır. Bu qalmaqalın kökündə ola bilsin ki, bir sıra siyasi amillər dayanır: Azərbaycanın Avropa enerji siyasətinə aktiv daxil edilməsi yönündə aparılan danışıqların bu məqamında birdən-birə orduda etnik məsələyə söykənən qalmaqalın qaldırılması birmənalı qarşılana bilməz.
Xaqani SƏFƏROĞLU