Modern.az

“Elmi naşılıq, yoxsa böhtan?” Fizika İnstitutu “Azadlıq” qəzetinə cavab verdi

“Elmi naşılıq, yoxsa böhtan?” Fizika İnstitutu “Azadlıq” qəzetinə cavab verdi

Təhsil

2 Avqust 2011, 15:09

“Azadlıq” qəzeti dünənki sayında AMEA Fizika İnstitutunun bir qrup əməkdaşı barəsində “3.5 milyon manatlıq plagiat” adlı yazı dərc edib. Yazı müəllifi Elnur Astanbəyli Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi müsabiqədə qrant alan Fizika İnstitutunun əməkdaşlarını plagiatlıqda və korrupsiyada təqsirləndirib. Müəllifin fikrincə layihənin əsas müddəaları 2004-cü ildə ABŞ-ın Milli Bərpa Olunan Enerji Laboratoriyasında yerinə yetirilib, “Physica Status Solidi” jurnalında çap olunub və layihə iştirakçıları tərəfindən oğurlanıb.
“Layihə iştirakçıları 3.5 milyon manatı qatlayıb ciblərinə qoyub”-deyə edib.

Fizika İstitutunun qrant layihəsinin 32 nəfərdən ibarət əməkdaşı adından Modern.az-a göndərilən məktubda “Azadlıq” qəzetinə cavab verilib. Cavabı olduğu kimi dərc edirik.

“Əlbəttə, bu böhtan dolu cızma-qaraya məhəl qoymamaq da olardı, əgər bir neçə faktı nəzərə almasaydıq… Məsələ burasındadır ki, Elnur Astanbəylinin başı Çin iyeroqliflərindən nə qədər çıxırsa, fizika elmindən də bir o qədər çıxır. İngilis dilini isə yapon dilini bildiyi səviyyədə bilir. Aydındır ki, yazı və yaxud orada göstərilən “faktlar” Fizika İnstitutunun özü “elmi impotent” olan və başqalarının uğurlarını gözü götürməyən hansısa əməkdaşı (şərti olaraq onu “cənab-T” adlandıraq) tərəfindən ötürülüb. Bu yaxınlarda Elnur Astanbəyli və qəzetin redaktorlarından biri bu məsələni araşdırmaq üçün Fizika İnstitutuna dəvət olunmuşdular. Onların öz sözlərinə görə yazı anonim şəkildə redaksiyanın elektron poçtuna göndərilib; belə yazıların heç bir araşdırılma aparılmadan jurnalistin öz adından çap olunması isə “Azadlıq” qəzeti və digər “sarı bulvar nəşrləri” üçün adı bir haldır.

“Azadlıq” qəzeti  məqalədə yazır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu AMEA-nın Fizika İnstitutuna birinci bəndi plagiat olan işə görə 3.5 milyon manat qrant verib. “Bu işin plagiat olduğunu başa düşmək üçün nə fizik, nə elmlər doktoru, nə də akademik olmaq lazımdır. Orijinal elmi iş ABŞ-ın Milli Bərpa Olunan Enerji Laboratoriyasında 2004-cü ildə yerinə yetirilib”, - deyə məqalədə bildirilir.

Qəzetə informasiya ötürmüş şəxsə bildirmək istəyirik ki, layihənin əsas məqsədi Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda yüksək texnologiyalar üçün yeni birləşmələr və cihaz strukturlarına dair tam innovasiyalı tədqiqatlar həyata keçirmək və bunun üçün müvafiq elmi-texniki səraitin yaradılmasından ibarətdir. Qəzetdə göstərilən 1-ci bənd layihənin heç ondan birini də əhatə etmir. O ki qaldı bu bəndin plagiat olmasına, bu işin plagiat olmadığını başa düşmək üçün “nə fizik, nə elmlər doktoru, nə də akademik olmaq gərək deyildir”. Belə ki, orijinal elmi işin ABŞ-ın Milli Bərpa Olunan Enerji Laboratoriyasında 2004-cü ildə yerinə yetirilməsi iddiası tam əsassızdır. Bu sahədə yapon alimləri ilə müştərək elmi işlərini “JapaneseJournal of Applied Physics” jurnalında çap etdirmiş layihə iştirakçıları öz işlərində həmin laboratoriyada görülmüş işə istinad edərək, ortaya onların çıxardığı nəticəni təkzib edən sübutlar qoyurlar. Bunun üçün yetər ki, “Japanese Journal of Applied Physics, 50 (2011) 05FC14” jurnalında 1-ci səhfədəki “İntroduction” bölməsini oxuyasınız (The reports by Wu et al.,6,7) however, do not contain information on optical constants, the knowledge of which is very important for unambiguous conclusions. Tərcüməsi: “Vu və başqalarının məqaləsində optik konstantlar haqqında heç bir məlumat yoxdur, onların bilinməsi birmənalı nəticənin çıxarılması üçün çox vacibdir”). Həmçinin həmin məqalədə istinad edilmiş məqalələr siyahısında 7-ci bənddə Vu və başqalarına istinada baxsanız, o zaman plagiat söhbətinin cəfəngiyyat olduğu aydınlaşar. Çünki plagiat olduğu iddia olunan işdə orijinala istinad edilə bilməz. Layihə iştirakçılarından biri ABŞ-ın Milli Bərpa Olunan Enerji Laboratoriyasında 2005-ci ildə 3 ay müddətində Vu ilə birgə işləmişdir və onunla mütəmadi olaraq yazışır. Bu yaxınlarda Vu öz məktubunda onun çıxardığı səhf nəticənin aydınlaşdırıldığına görə layihə iştirakçılarına minnətdarlığını bildirmişdir.

Adı gedən pilot layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən qrantların verilməsi üzrə 2010-cu ilin 1-ci müsabiqəsinin 3 milyon manatlıq pilot layihəsinin qalibidir. Bu layihə təqdim olunmuş onlarca elmi layihənin içərisindən yerli və xarici ekspertlərin müsbət elmi rəyinin nəticəsi kimi seçilmişdir. Fizika İnstitutunun böyük bir elmi kontingentinin təmsil olunduğu layihə, İnstitutun 9 laboratoriyasının 32 əməkdaşını özündə birləşdirir. Onlardan 13 nəfəri gənc mütəxəssislərdir.

Yuxarıda qeyd olunduğu kimi, layihənin məqsədi Fizika İnstitutunda yüksək texnologiyalar üçün yeni birləşmələr və cihaz strukturlarına dair tam innovasiyalı tədqiqatlar həyata keçirmək və bunun üçün müvafiq şəraitin yaradılmasından ibarətdir. Bu məqsəd İnstitut üçün yeni, müasir tipli laboratoriya avadanlığının alınması və innovasiya proqramının həyata keçirilməsı üçün perspektivli gənc mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Bu məqsədlə həmin qrantın böyük bir hissəsi, təxminən 2.800.000 manatı cihaz və qurğuların, həmçinin materialların alınmasına, yerdə qalan hissəsi isə layihə iştirakçılarının cüzi əmək haqqına (büdcə əmək haqqı tərtibində) və gənc mütəxəssislərin hazırlanması və ezamiyyət xərclərinə sərf olunur.

Xüsusi olaraq qeyd edilməlidir ki, bu qrant maliyyəsi tam olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun səlahiyyətindədir. Bu o deməkdir ki, İnstitutun hesabına bir qəpik də olsa maliyyə vəsaiti köçürülmür, istər avadanlıq və materiallar, istərsə də ezamiyyət xərcləri yalnız lazımi sənədlər təqdim olunduqdan sonra Elmin İnkişafı Fondu tərəfindən ödənilir. Bütün bu müddəalar və şəffaflıq prinsipləri Elmin İnkişafı Fondunun ölkə Prezidenti tərəfindən təsdiq olunmuş Nizamnaməsində, həmçinin Fondun Müsabiqə Qaydalarında aydın şəkildə öz əksini tapmışdır. Belə bir cıddi və eyni zamanda şəffaf mexanizm daxilində hansısa rüşvətxorluq və korrupsiya halından danışmaq, sözün əsl mənasında cəfəngiyyatdır. 

Layihənin əsas iştirakçıları dünyanın nüfuzlu universitetlərində və elmi-tədqiqat mərkəzlərində aparılan elmi araşdırmalara qoşularaq, əcnəbi alimlərə ölkəmizin elmi potensialının yüksək olmasını sübut etmişlər. Uzun müddət Fizika İnstitutunda yaşanan tənəzzülü aradan qaldırmaq üçün bir çox xarici dövlətlərin elmi mərkəzləri ilə müxtəlif istiqamətlərdə elmi işlərın görülməsi və maliyyə yardımlarının ayrılması üçün proqramlar hazırlamışlar.

Bu alimlər elmi və texniki cəhətdən inkişaf etmiş Yaponya və Amerika universitetlərində işləyərək qabaqcıl texnologiyaları və müasir elmi istiqamətləri mənimsəyərək Azərbaycana gətirmişlər. Uğurlu elmi münasibətlər sayəsində bir neçə nəhəng elm dövləti Azərbaycanda müasir elmi məktəblərin yaradılmasında maraqlı olmuşdur. Qarşılıqlı elmi işlərin görülməsi üçün maliyyə yardımları formasında iri məbləğlı qrantlar ayrılmışdır. Beynəlxalq elmi konfrans və simpoziumlarda yapon, ingilis, fransız, rus və azərbaycanlı alimlər bir çox müştərək elmi işlərlə çıxış etmişlər.

Bu cür uğurlu əlaqələr Avropanın inkişaf etmiş dövlətlərinin elmi mərkəzləri ilə də qurulmuşdur. Fransanın Milli Elmi Araşdırmalar Mərkəzi- CNRS-İRDEP (Centre national de la recherche scientifique - Institute of Research and Development of Photovoltaic Energy) ilə yaradılan əlaqə və sonda imzalanan Memorandum müstəqil dövlətimiz üçün böyük tarixi uğurdur. CNRS-İRDEP dünyada Günəş elementlərinin tədqiqi və hazırlanması sahəsində yüksək potensiala malikdir. Bu mərkəz 1939-cu ilin oktyabrında Nobel mükafatı laureatı Jan Batist Perennom tərəfindən yaradılıb. Bu mərkəz Fransa Ali təhsil və elmi-tədqiqat Nazirliyinin inzibati nəzarətindədir. Fizika İnstitutunun bir qrup alimi son illər  bu mərkəzlə müntəzəm elmi əlaqədə olublar, nəticədə bu mərkəzin diqqətini ölkəmizə yönəldə biliblər. Azərbaycanlı alimlərin nazik təbəqəli Günəş elementləri sahəsində dərin və əhatəli tədqiqat aparmaq qabiliyyəti və elmi potensialı bu institutlar arasında birgə əməkdaşlığı zəruri edib.

Ən sonda qeyd etmək istəyərdik ki, adı gedən pilot layihəsinin yerinə yetirilməsi onun iştirakçılarına maddi xeyirdən çox ağır zəhmət tələb edən gərgin əmək sərfi gətirir. Bu onu göstərir ki, layihə iştirakçıları öz vətənini sevən və onun gələcəyini düşünən bir vətənpərvər olaraq Azərbaycan elminin dünya elm birliyində müasir və özünəməxsus yer tutmağına çalışırlar. Ona görə Fizika İnstitutunun elmi uğurlarına hər hansı siyasi don geyindirərək onu ləkələməyə çalışmaq yox, dünya elminə inteqrasiya etmək yollarından yazaraq, bu istiqamətdə fikirlər bildirmək daha xeyirli olardı. Yeni-yeni elmi əlaqələr quran dövlət üçün bu cür uğurları görməyib, onun fonunda hansısa qaranlıq detalları axtarıb cəmiyyəti inanılmayan fikirlərə inandırmağa çalışan mənəvi eybəcərlər ən azından düşmənçilik mövqeyində duranlardırlar".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR