Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) iyul ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. Hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu əvvəlcə ötən ay dünyada baş verən ən mühüm hadisələri təhlil edib.
Politoloq bildirib ki, ABŞ qoşunlarının İraqı tərk etməyə hazırlaşması dünyada, xüsusilə Yaxın Şərqdə gedən proseslərə ciddi təsir edir:
“ABŞ və NATO qoşunlarının İraq və Əfqanıstana daxil olması İranın arzuolunmaz qonşularını sıradan çıxardı və nəticədə İran regional uğur qazandı. ABŞ-ın və NATO-nun Əfqanıstan və İraqı tərk etməsindən sonra İran region dövlətləri üzərində təsirini xeyli artıra bilər. Bunu həm ABŞ, həm də əksər ərəb dövlətləri özləri üçün təhlükə kimi qəbul edirlər. Hal-hazırda iki məqsəd uğrunda iş aparılır: a) ABŞ və NATO İranın qonşuluğunu tərk etməsin. b) Qərb İranın qonşuluğunu tərk edəcəksə, İranın regional gücünün artmasını əngəlləyən mexanizmlər təcili yaradılmalıdır. Qərb beyin mərkəzləri bu istiqamətdə güclü fəaliyyətə başlayıblar. PEJAK-ın fəallaşmasına isə bu istiqamətdə praktiki işin başlanması kimi baxmaq olar. İran baş verənlərə ABŞ-a, Qərbə doğru meyillənməklə reaksiya verir. İsraillə münasibətləri istiləşdirmək cəhdləri, NABUKKO-ya alternativ yaratmaq niyyəti bu məqsədə xidmət edir”.
M.Əhmədoğlu mətbuat konfransında Ermənistanda baş verən hadisələrin təhlilinə daha geniş yer ayırıb. Qeyd edib ki, Ermənistan köhnə problemlərini həll eləmədiyi halda, yeni problemlərlə üzləşmişdir:
“Ermənistandakı problemləri təxminən bu cür sıralamaq mümkündür: Miqrasiya ilə bağlı Ermənistan mətbuatında yazılanlar və FORBES jurnalında dərc olunan reytinq siyahısı Ermənistanda prezident səviyyəsində 2 dəfə müzakirə olundu. Prezident S.Sərkisyan əsəbi halda bu məlumatların təkzib olunması göstərişini verdi. Azərbaycan Prezidentinin “yaxın gələcəkdə Azərbaycan əhalisi artaraq 11 milyon, Ermənistan əhalisi isə azalaraq 1 milyon olacaq” fikri ermənilərə ciddi psixoloji təsir etdi. Ermənistanda belə fikirləşirlər ki, İlham Əliyev deyirsə, olacaq. Ermənistanda dini sahədə də ciddi problemlər ortaya çıxıb. Erməni Apostol Kilsəsinin İrana və Gürcüstana qarşı dini ekspansiyası gücləndikcə ölkənin daxilində bu kilsənin nüfuzu xeyli aşağı düşmüşdür. Sosial şəbəkələrdə Erməni Apostol Kilsəsinə və onun başçısına qarşı mübarizə aparılır. Parlamentdən II Qaregini istefaya göndərmək tələb olunur. Erməni mətbuatı Erməni Apostol Kilsəsinin başçısı II Qaregini əqli geriliyin və mənəviyyatsızlığın simvolu kimi təqdim edir”.
SİTM sədri onu da vurğulayıb ki, Ermənistan Kazan görüşünün iflasa uğramasının günahını Azərbaycanın üzərinə qoymağa çalışır. Onun qənaətinə görə, Ermənistan Bakı ilə Moskvanın münasibətlərini korlamaq istəyir. Bu məqsədlə də Qərb ekspertlərini danışıqların gedişi barədə müəyyən qədər məlumatlandırmaqla informasiyalı tərəf imici yaratmaq və bundan istifadə etməyə çalışır:
“Tomas de Valın verdiyi bəyanatlara bu kontekstdən yanaşmaq lazımdır. Onu Laçın ərazisi və sülhməramlılarla bağlı dedikləri həqiqətdir. Amma bu məlumatın sahibi təkcə Bakıda deyil, həm də Yerevanda ola bilər. Guya Kazan sənədində Laçın və sülhməramlılar məsələsi əks olunmadığına görə Azərbaycan 10 təklif irəli sürüb, nəticədə görüşü baş tutmayıb. Tomas de Valın açıqlamasında ritorik sual var: “Niyə rəsmi Bakı bunları Kazan görüşünədək təklif etməyib, yalnız görüş zamanı təklif edib?” Məhz bu ritorik sual Tomas de Valın məlumatı Bakıdan və ya Yerevandan almasını göstərir. Rəsmi Bakı Kazan görüşünədək ərazi məsələlərini gündəlikdə saxlamışdır. Münaqişə regionunda sülhməramlıların yerləşdirilməsi ilə bağlı Azərbaycan və Ermənistan XİN-ləri arasında mətbuatda əməlli-başlı dava getdi. Belə olan halda heç kim rəsmi Bakını Laçın ərazisi və sülhməramlılarla bağlı məsələni gizlətməkdə ittiham edə bilməz. Kazanda ortalığa qoyulan sənəddə Laçın ərazisi və sülhməramlılarla bağlı məsələlərin yer almamasının günahı sənədi hazırlayan tərəf kimi vasitəçilərdə, görüşü hazırlayan tərəf kimi Moskvada, maraqlı tərəf kimi Ermənistanda ola bilər, amma Azərbaycanda ola bilməz. Əgər Azərbaycan hər iki məsələni kəskin publik şəkildə müzakirə edə-edə yenə həmin məsələlərin sənədə düşməsinə imkan verməyibsə həm vasitəçilər, həm Rusiya, həm də Ermənistan diplomatları Azərbaycan diplomatlarının yüksək peşəkarlığını etiraf etməlidirlər. Ermənistan prezidenti S.Sərkisyan RF prezidenti D.Medvedyevin imicini dağıtdığını başa düşür, bunun cəzasından qorxur. Ona görə incə metodlarla Azərbaycanı qərbpərəst, Kazan görüşünün dağıdıcısı, özünü isə rusiyapərəst və Kazanda sənədin imzalanmasının tərəfdarı kimi göstərməyə çalışır”.