Modern.az

Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində ilk dəfə məğlub oldu

Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində ilk dəfə məğlub oldu

24 Mart 2018, 23:16

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün 12-ci turun görüşləri keçirilir.

Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Din Lijenlə üz-üzə gəlib. 43-cü gedişdə Məmmədyarov təslim olub. Bununla da 33 yaşlı qrossmeyster turnirdə ilk məğlubiyyətini alaraq, yarışın qalibi olma şanslarını çətinləşdirib.

İlk dövrədə bu iki şahmatçı arasındakı görüş heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Ümumiyyətlə, Məmmədyarov 12 oyunundan 2 qələbə, 9 heç-heçə və 1 məğlubiyyətlə ayrılıb. Əvvəlki 11 görüşünün hamısını heç-heçə ilə başa vurmuş Lijen isə ilk qələbəsini məhz azərbaycanlı şahmatçı üzərində qazanıb.

Paralel keçən görüşdə ABŞ-dan olan lider Fabiano Karuananın qara fiqurlarla İddiaçılar Turnirinin son qalibi, rusiyalı Sergey Karyakinə qalib gəlsə, 1-ci yeri böyük ölçüdə təmin edəcək.

Turun görüşləri:

Aleksandr Qrişuk (Rusiya) - Levon Aronyan (Ermənistan)

Sergey Karyakin (Rusiya) - Fabiano Karuana (ABŞ)

Vladimir Kramnik (Rusiya) - Uesli So (ABŞ)

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Din Lijen (Çin) - 0:1

Qarşılaşmalar saat 18:00-da başlanıb.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 7 xalla Karuana başçılıq edir. Məmmədyarov və Lijen hərəyə 6,5 xalla 2-3-cü yerləri bölüşür. Karyakin və Qrişuk hərəyə 6 xalla 4-5-ci, Kramnik 5 xalla 6-cı, So 4,5 xalla 7-ci, Aronyan 3,5 xalla 8-cidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü