Modern.az

Azərbaycanlı deputat Ankaradakı simpoziumda nələrdən DANIŞDI?

Azərbaycanlı deputat Ankaradakı simpoziumda nələrdən DANIŞDI?

25 Mart 2018, 14:32

22 martda Ankarada İLESAM və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan  II Milli Birlik və Bərabərlik Simpoziumuna Azərbaycandan millət vəkili Sona Əliyeva və Azərbaycanın İLESAM təmsilçisi, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi şair-jurnalist Xəyal Rza qatılıb.

 

Modern.az saytının məlumatına görə, simpoziumda Türkiyə prezidentiı Rəcəb Tayyib Ərdoğanın baş danışmanı Yalçın Topçu, Mədəniyyət və Turizm Nazirliiyinin rəhbər şəxsləri və digər dövlət rəsmiləri iştirak edib.

1200 nəfərin qatıldığı simpozimda 3 paneldə cıxışlar təşkil olunub.

 

Deputat Sona Əiiyeva I paneldə “Milli birlik və bərabərlik. Azərbycan və Türkiyə münasiətləri” mövzusunda çıxış edib. 

 

Deputat çıxışında bildirib: 

 

"Müasir dövrdə dünyanın siyasi mənzərəsi olduqca ziddiyyətli proseslərlə xarakterizə olunur. Bir çox geosiyasi məkanlarda, eləcə də Avrasiya və onun ayrı-ayrı subregionlarında müşahidə edilən konfrantasiyalar xalqların və dövlətlərin suverenliyinə müxtəlif xarakterli – siyasi, iqtisadi, mədəni, hərbi, təhlükəsizlik və digər məsələlərə dair təhdidlər yaradır. Əhatə dairəsi olduqca geniş olan bu cür təhdidlər türkdilli ölkələrin də suverenliyini və milli təhlükəsizliyini hədəfə alır. Belə olan halda, türkdilli dövlətlərin coğrafiyasında milli birliyin təmin olunması strateji zərurətə çevrilir. Türkdilli dövlətlər arasında sarsılmaz birliyin olması xarici təsirlərdən birgə mühafizə olunmaq, beynəlxalq məkana birgə inteqrasiya olmaq, iqtisadi resurslardan düzgün istifadə olunması və enerji mübadiləsinin gücləndirilməsi baxımından da çox mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən türkdilli ölkələrin əməkdaşlıq və inteqrasiya imkanları səfərbər olunmalı və mövcud işbirliyi platforması daha da gücləndirilməlidir.

 

Hazırda türkdilli ölkələr arasında münasibətlər keyfiyyətcə yeni inkişaf mərhələsindədir. İkitərəfli münasibətlərin intensiv inkişafı ilə yanaşı, Türkdilli Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKSOY və digər təşkilatlar da işbirliyi və inteqrasiyanı təmin edən mühüm institusional amillərdir. Hazırkı beynəlxalq münasibətlər və qloballaşma şəraitində türkdilli xalqlar və dövlətlərin sıx iqtisadi-ticari əlaqələrinin formalaşdırılması və mövcud potensialdan səmərəli istifadə olunması da böyük əhəmiyyətə malikdir. Türkdilli Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi qurumlar vasitəsilə bu sahədə də dərin əməkdaşlıq münasibətləri formalaşdırılıb. Bu gün türkdilli dövlətlər, eyni zamanda, dünyanın enerji təminatçısına çevrilməklə mühüm siyasi-iqtisadi üstünlük əldə etmək imkanları qazanıblar. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri nəinki bu ölkələrin yerləşdiyi regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və çoxşəbəkəli nəqliyyat infrastrukturunun yaradılması sahəsində strateji önəm kəsb edir. Bu layihələr Azərbaycan və Türkiyənin dünya dövlətləri sırasında mövqeyinin möhkəmlənməsinə təkan verməklə bərabər, digər türkdilli dövlətlərin - Qazaxıstan və Türkmənistanın da Avropaya çıxışı üçün əlverişli imkanlar yaradır.

Əsas strateji maraqlardan biri də budur ki, türkdilli dövlətlər arasında sıx münasibətlərə əsaslanan birlik üçüncü tərəfə - hansısa təşkilata və ya dövlətlərə qarşı deyil. Müasir dünyada türkdilli ölkələrin təmsil olunduqları beynəlxalq təşkilatlarda sülh çağırışları da daha çox məhz bu ölkələrin təmsilçiləri tərəfindən səsləndirilib.

 

Türk dünyasında milli birliyin və türkdilli ölkələr arasında həmrəyliyin, sıx əməkdaşlıq və inteqrasiyanın yaradılmasından bəhs edərkən Türkiyə-Azərbaycan münasibətlərinə xüsusi olaraq diqqət yetirmək lazımdır. İki ölkə arasında dostluq və qardaşlıq prinsipi əsasında qurulan strateji tərəfdaşlıq – müttəfiqlik münasibətləri bütövlükdə türkdilli ölkələrin əhatə olunduğu coğrafiya üçün müstəsna strateji əhəmiyyətə malikdir. Soykökü bir olan qardaş respublikaların qəbul etdikləri qərarlar hər bir türkdilli dövlət üçün iqtisadi, siyasi, mədəni dividendlər vəd etməklə onların birlikdə dünyaya inteqrasiya olunmasına ciddi perspektivlər yaradır. 

 

2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd edən terrorçu qüvvələr Türkiyə xalqının sərt müqaviməti ilə üzləşdi. Müəyyən anti-türk dairələrin direktivləri və ssenariləri əsasında reallaşdırılan bu cəhdlər baş tutmadı, başqa sözlə, Türk xalqı demokratiyaya sahib çıxdı, öz iradəsini ortaya qoyaraq dövlətini dəstəklədi. Türkiyə cəmiyyəti seçilmiş hökumətini və prezidentini, konstitusiyasını, demokratiyanı qorumaq üçün ayağa qalxdı və daha böyük fəlakətlərin yaşanmasına imkan vermədi. Bir sözlə, qardaş ölkədə demokratiya qələbə qazandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin Konstitusiya quruluşunu fədakarlıqla qoruyan türk xalqının mətinliyinin və insanların öz canını qurban verməsinin Azərbaycanda əsil qəhrəmanlıq nümunəsi kimi böyük ehtiramla xatırlandığını dedi. Dövlətimizin başçısı qeyd etdi ki, türk xalqının həmrəyliyi və qətiyyəti sayəsində xain niyyətlərin qarşısına keçilməz sipər çəkildi, Türkiyə dövləti böyük təhlükələrdən xilas oldu. Prezident İlham Əliyev Türkiyə rəhbərliyinə dəstəyini ifadə edən xüsusi mesaj göndərdi. Beləliklə də, hər zaman qardaş ölkənin milli mənafeyini əsas götürən, öz dəstəyini əsirgəməyən Azərbaycan bu dəfə də - bir daha və yenə də Türkiyənin yanında yer aldı, dostluq və qardaşlıq örnəyi sərgilədi. Azərbaycan Prezidenti həm də xalqın seçiminə, demokratiyaya, Konstitusiyaya sədaqətlilik və hörmətin əsas şərt olduğunu önə çəkdi. Dövlət başçısı Türkiyə cəmiyyətinin qanuni seçiminin və demokratik dövlət quruculuğu xəttinin əsas olduğunu qeyd etdi. Prezident İlham Əliyev “Bir millət, iki dövlət” formulunda sivil dövlətçiliyə və suverenliyə, demokratik idarəetməyə rəsmi Bakının üstünlük verdiyini bir daha ifadə etdi. Başqa sözlə, Azərbaycan Prezidenti qardaşlıq və dostluq mövqeyi ilə yanaşı, Türkiyədə demokratiya, qanunçuluq və müstəqil dövlətçiliyin hökm sürməsini olduqca vacib amil hesab etdiyini nümayiş etdirdi. Dolayısıyla, Azərbaycan öz qətiyyətli mövqeyi ilə dünyaya demokratiya dərsi verdi, Türkiyə ilə möhkəm həmrəylik nümayiş etdirdi. Qardaş ölkədə meydanlara çıxıb hakimiyyəti müdafiə edən Türk xalqı, həmçinin Türkiyə rəsmiləri dəstəyinə görə Azərbaycana minnətdarlıqlarını ifadə etdilər. Birmənalı şəkildə qeyd olundu ki, Azərbaycan təkcə Türkiyənin deyil, həm də haqqın və ədalətin yanında oldu.

Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birini dəstəkləyir, dostluq, qardaşlıq nümunəsi ilə dünyaya örnək olurlar. Eyni tarixi köklərə malik olan Azərbaycan və Türkiyə xalqı bir-birinə qırılmaz tellərlə bağlıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil.

 

Azərbaycan və Türkiyə bütün məsələlərdə bir-birini dəstəkləyir. Rəsmi Ankara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi məsələsini daim vurğulamaqdadır. Hər kəsə bəllidir ki, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. BMT Azərbaycan ərazilərindən işğalçı Ermənistanın silahlı qüvvələrinin çıxarılmasına dair 822, 853, 874 və 884 saylı 4 qətnamə qəbul etsə də, bu qətnamələrə işğalçı ölkə tərəfindən məhəl qoyulmayıb. Bu işğal nəticəsində 1 milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqın vəziyyətinə düşüb. Bu təcavüz aktı təkcə Azərbaycana yox, müsəlman və türk dünyasına qarşı yönəlib. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları və ərazi bütövlüyünün toxunulmazlığı prinsipi əsasında həllinə nail olmağa çalışsa da, Ermənistan qeyri-konstruktiv mövqe sərgiləyir, danışıqlar prosesinin uzanmasına cəhd edir. Ermənistan həm də işğal etdiyi Azərbaycan torpaqlarında tarixi abidələrə, maddi mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətməklə təcavüzkar və terrorçu kimliyini nümayiş etdirir. Dünya ictimaiyyəti Ermənistanın işğalçı, Azərbaycanın isə sivil və mütərəqqi dəyərləri yaşadan ölkə olduğunu görür. Bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi tanınır, multikultural dəyərləri təbliğ və təşviq edir. Ölkəmiz sivilizasiyalararası dialoq məkanına çevrilmişdir. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi, 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan edilməsi nəticəsində Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqa mühüm töhfələr vermişdir.

 

Azərbaycan da istər PKK və terror məsələsində, istərsə də digər problemlər kontekstində Türkiyəyə öz dəstəyini nümayiş etdirir, qətiyyətli mövqedən çıxış edir. Biz terrorizmdən əziyyət çəkmiş, terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyən dövlətin nümayəndələri olaraq Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən "Zeytun Budağı" əməliyyatının zəruriliyini təqdir və təsdiq edirik. Bu əməliyyat regional sülh və təhlükəsizliyin təmin edilməsi üçün olduqca zəruri əhəmiyyətə malikdir. Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən "Zeytun Budağı" əməliyyatı Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirmək və ərazidə yaşayan mülki insanları terror hücumları və təhdidlərindən qorunmaq məqsədi daşıyır. Azərbaycan hər zaman qardaş Türkiyə dövləti və xalqının yanındadır. Dövlətimizin başçısının vurğuladığı kimi:

 

“Azərbaycan öz növbəsində bütün məsələlərdə Türkiyəni dəstəkləyir, Türkiyənin yanındadır və bəzi hallarda Türkiyəyə qarşı edilən ədalətsizliklərə Türkiyə qədər heyifsilənir və öz sözünü deyir”. Bütövlükdə sadalananlar Türkiyə və Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətlərinin mahiyyətini əks etdirir. Reallıqlar onu göstərir ki, Türkiyə və Azərbaycan nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birini ən sıx və yaxından dəstəkləyən ölkələr kimi çıxış edirlər.

 

Bütün bu sadalananlar türkdilli ölkələr arasında əməkdaşlıq və həmrəyliyin əhəmiyyətini göstərir. XXI əsrin strateji çağırışları və reallıqları türkdilli ölkələr arasında əməkdaşlığın vacibliyini ortaya qoyur, Türk coğrafiyasında praqmatik siyasi, iqtisadi, mədəni, əsgəri və humanitar işbirliyinin genişləndirilməsini zəruri edir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü