Ərəb şeyxi qiymətindən asılı olmayaraq Azərbaycandan 10 min ton qoyun əti almaq istəyir
Adətən yay aylarında ət və ət məhsullarının qiymətində enmə müşahidə olunurdu. Bu yay Azərbaycanda istilər rekord həddi keçsə də, ət və ət məhsullarında qiymət artımı intensivləşdi. Bır sıra mütəxəssislər bunu müxtəlif məsələlərə izah edirlər. Monopoliyadan tutmuş, süni qiymət artımı arqumentini ortaya qoyanlar var.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev məsələ ilə bağlı Modern.az saytına maraqlı məlumat verib.
Deputat qeyd edib ki, Azərbaycanda ətin qiymətində olan bahalaşma xaricdə ölkəmizdə istehsl olunan ətə tələbatın yüksəlməsi ilə bağlıdır: “Dünyada qoyun ətinin keyfiyyətinə görə Azərbaycan ön yerlərdə dayanır. Bu gün bizdən ayrı-ayrı ölkələrə çoxlu miqdarda ət satılır. Hesab edirəm ki, bu mənada bazarda çox özbaşınalıqdır. Düzdür, sahibkara demək olmaz ki, sən istehsal etdiyin məhsulu kənara satma. Ancaq daxili tələbat da ödənilməlidir”.
E.Quliyev çox maraqlı bir fakt açıqlayıb: “Məndə dəqiq məlumat var. Bizdən kənara çox ət aparılır. Ərəb şeyxlərindən birinin nümayəndəsi bu yaxınlıarda Bakıda olub. Deyib ki, ona 10 min ton qoyun əti lazımdır. Qiymətinin fərq etmədiyini bildirib, hətta 12-13 manat olsa belə. Ancaq şərt qoyub ki, erkək qoyunlar olsun və çəkisi 10-15 kiloqram arasında olsun. Həm də deyib ki, həmin qoyunlar burda kəsilsin. Hazır ət istəyib.
Bundan başqa, bizdən Rusiya və digər ölkələrə də ət aparılır. Bütün bunlar ətin qiymətinin qalxmasına gətirir.
Hesab edirəm ki, indi bizim bazarlarda ‘t bahadır. Yay aylarında həmişə ətin qiyməti aşağı düşürdü. Ancaq bu yay əksinə oldu”.
Dövlət Statistika Komitəsi ölkədə mal və qoyun ətinin başalaşdığını rəsmən bildirib. 1 yaşdan 2 yaşadək olan dananın istehsalçı qiymətləri 0,8 faiz, ana qoyunun 1,4 faiz, 1 yaşadək quzunun 2,9 faiz, diri keçilərin 1,9 faiz bahalaşıb.
İndi ticarət şəbəkəsində mal əti 8 manat – 8 manat 50 qəpiyə, qoyun əti 7 manat 50 qəpik – 8 manat 50 qəpiyə satılır.
Modern.az