Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqviminə əsasən, martın 20-27-dək ölkədə qeyri-iş günü elan olundu. Maraqlıdır, ölkə əhalisinin bir həftəlik bayram tətilində iqtisadiyyat qazandı, yoxsa itirdi?
Modern.az-ın bu sualını iqtisadçı Natiq Cəfərli cavablandırıb.
N. Cəfərli bildirib ki, Azərbaycan iqtisadiyyatı əsasən enerji daşıyıcılarının istehsalı, ixracatından asılıdır:
“Bu sahədə bayram günləri iş dayanmır, növbəli sistem üzrə fəaliyyət həyata keçirilir, neft-qaz yataqlarında hasilat davam edir. Bu səbəbdən ixracatda heç bir axsama olmur. Daxili bazarda isə ticarət və daxili turzim canlanır. Nəticədə isə iqtisadiyyatda əlavə gəlir əldə olunur.
Ümumilikdə ölkə iqtisadiyyatının xüsusiyyətləri, spesifikasını nəzərə alsaq, bayram günlərində elə də böyük bir iqtisadi geriləmə olmayıb. Bu, ÜDM-də də özünü göstərir. Mart ayını fevralla, yaxud yanvarla müqayisə etsək, ciddi dəyişikliklərin olmadığını görəcəyik. Bu da qeyd etdiyim kimi ölkə iqtisadiyyatında neft və qazdan asılılığın həddindən artıq olması ilə bağlıdır”.
Ekspert deyib ki, iqtisadiyyat normal, öz axarı ilə gedən modelə söykənsəydi, tətil günlərinin çoxluğunun ciddi təsirləri hiss edilərdi:
“Mən elə bir ölkə tanımıram ki, təqvimində bir ayın yarıdan çoxu istirahət günlərinə həsr olunsun və iqtisadiyyatda dəyişiklik olmasın.
Bayram günlərinin sayının çox olması Çində fevralda yeni il bayramı ilə əlaqədar müşahidə olunur. Bu ölkədə ÜDM-nin ən çox aşağı düşdüyü ay da məhz fevraldır. Bütün statsitik göstəricilər də bunu özündə ehtiva edir. Amma digər ölkələrdə uzunmüddətli bayram günlərilə müşahidə edilən təqvim çox azdır. Məsələn, Rusiyada yeni il tətilləri təxminən 10 gün çəkir. Onların iqtisadiyyatı da Azərbaycan iqtisadiyyatına bənzədiyindən orada da ciddi dəyişiklik baş vermir. Əslində sağlam iqtisadi model olması mütləq iqtisadiyyata mənfi təsir göstərməlidir”.